Bu gün Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Bakıda "Qarşılıqlı İxracatın təşkili və üçüncü bazarlara birgə ixracat imkanları" adlı Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və digər müvafiq dövlət qurumlarının dəstəyi ilə həyata keçirilən tədbirdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən (proqram təminatı, avadanlıq, elektronika, kilid, təhlükəsizlik sistemləri, kabel, ölçü cihazları, TV reklam və s.) Türkiyə şirkətləri iştirak ediblər.
Biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. Bundan başqa, tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 125 nəfərdən çox sahibkar iştirak edib.
Türkiyə Elektrik Texnologiyaları İdarə Heyətinin sədri Fatih Kamal Ebiçlioğlu salamlama nitqi ilə tədbiri açıq elan edib. Fatih Kamal Ebiçlioğlu bu gün təşkil olunan forumun iki ölkənin iş adamları arasında mövcud əlaqələrin inkişafına öz tövhəsini verəcəyini bildirib. O qeyd edib ki, Azərbaycanda və xarici ölkələrdə təşkil edilən konfrans, sərgi və biznes forumlar ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini cənab Sahib Məmmədov bildirib ki, iş adamları arasında keçirilən ikitərəfli görüşlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, sahibkarlarla işgüzar əlaqələrin yeni sahələr üzrə genişlənməsinə təkan verəcək.
Türkiyə Cümhuriyyətinin Bakıdakı səfiri Alper Coşkun biznes forumun Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu qeyd edib. Regionun inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirən Alper Coşkun ölkəmizdəki sürətli iqtisadi inkişafı böyük maraqla izlədiyini deyib, Türkiyə iqtisadiyyatı, Azərbaycanla mövcud iqtisadi əlaqələrin daha da genişlənməsinin imkanları barədə məlumat verib.
Biznes forumda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət və qazanılmış uğurlar barədə məlumat verərək, ölkəmizdə həyata keçirilən genişmiqyaslı inkişaf və quruculuq proseslərinə xarici tərəfdaşlar tərəfindən də böyük maraq göstərildiyindən söhbət açıb. Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişaf etdiyini dilə gətirən M. Musayev Türkiyənin müxtəlif dövlət qurumları ilə iqtisadi, regional, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. O bildirib ki, hazırda Azərbaycanda bir çox sahələrdə türk şirkətləri, eləcə də Türkiyədə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB