"Azərsu" ASC-nin 9 ayda gördüyü işlər FOTO

"Azərsu" ASC-nin 9 ayda gördüyü işlər FOTO

Cari ilin yanvar-sentyabr ayları ərzində "Azərsu" ASC tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin respublikanın 24 şəhər və rayon mərkəzlərində dövlət büdcəsi vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına içməli su və kanalizasiya layihələrinin icrası davam etdirilib. Qurumdan SİA-ya verilən xəbərə görə, Gəncə şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Göygöl mənbəyindən 24,5 km uzunluğunda magistral su xəttinin tikintisi başa çatdırılıb və şəhərə suyun verilməsi təmin edilib.

Sabirabad və Saatlı şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanan 61,6 km uzunluğunda Talış-Sabirabad-Saatlı magistral su xəttinin tikintisi həyata keçirilib. Lənkəran və Astara şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutan məhsuldarlığı sutkada 30 min kubmetr olan Xanbulan sutəmizləyici qurğusunun tikintisi layihəsi icra edilib.

9 ay ərzində Bakı şəhəri və Abşeron yarımadasında da içməli su və kanalizasiya layihələrinin icrası davam etdirilib. Böyük infrastruktur layihələrindən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğusunun tikintisi üzrə əsas işlər başa çatdırılıb. Ceyranbatan-Balaxanı-Qala-Zirə magistral su xəttinin 22,2 km-lik Qala-Zirə hissəsinin tikintisi yekunlaşıb.

Yanvar-sentyabr ayları ərzində Bakı şəhəri və Abşeron yarımadasında tunel tipli kanalizasiya kollektorlarının tikintisi istiqamətində ciddi işlər görülmüş, hazırda Xocasən-Binəqədi-Xırdalan, Dərnəgül-Bakıxanov-Qaraçuxur, Bayıl-Bibiheybət-Lökbatan, Pirşağı tunel tipli kanalizasiya kollektorlarının inşası davam etdirilir.

Ümumilikdə yanvar-sentyabr aylarında Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda 842,5 km uzunluğunda magistral və paylayıcı su xətləri çəkilib. Çəkilən su xətlərinin 631 km-i regionlarda həyata keçirilən layihələrin payına düşür. 9 ay ərzində 235 km-i regionlarda olmaqla 267 km uzunluğunda kanalizasiya və yağış suları xətlərinin çəkilişi təmin edilib. Ötən müddətdə regionlarda 14 ədəd su anbarı tikilib, 12 subartezian quyusu istismara verilib. Yanvar-sentyabr aylarında 119 min ədəd smart-kart tipli su sayğacı quraşdırılıb ki, bunların da 45 mini bölgələrin payına düşür. Tikinti-quraşdırma işləri üzrə layihələrin icrası nəticəsində 156 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib. Ümumilikdə icra olunan layihələr 358 min nəfərin içməli su təchizatını yaxşılaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə