Azərbaycan XXI əsrin nəhəng layihəsini gerçəkləşdirir

Azərbaycan XXI əsrin nəhəng layihəsini gerçəkləşdirir

"Bir çox hallarda cənab Prezidentin qeyd etdiyi kimi, real zamanda baş vermiş hadisələri qiymətləndirə bilmirik. Amma bir qədər zaman keçdikdən sonra atılmış addımların necə böyük geopolitik əhəmiyyət kəsb etdiyinin şahidi oluruq. Belə layihələrin hesabına Azərbaycan güclənir və gücləndikcə Azərbaycanda qeyri-neft sektoru inkişaf edir". Bu sözləri Cənub Qaz Dəhlizi layihəsini "21-ci əsrin ipək yolu" olaraq dəyərləndirən politoloq Elman Nəsirov SİA-ya açıqlamasında deyib.

O, Cənub Qaz Dəhlizi layihəsinin 21-ci əsrin nəhəng layihələri sırasında xüsusi yerə sahib olduğunu ifadə edib: "Cənub Qaz Dəhlizi ilə bağlı məsələyə toxunarkən bildirim ki, ölkə prezidenti İlham Əliyev 1994-cü ilin 23 Sentyabrında imzalanmış müqaviləni əsrin müqaviləsi kimi səciyyələndirirsə, Cənub Qaz Dəhlizinin təməlinin qoyulması ilə bağlı atılmış addımları isə, 21-ci əsrin müqaviləsi kimi dəyərləndirir. Heç şübhəsiz ki, 21-ci əsrin ən nəhəng layihələri sırasında bu layihənin xüsusi yeri və əhəmiyyəti var".

Bu layihə sayəsində yeni iş yerlərinin açılacağını qeyd edən politoloq cənab prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın 10 ildə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olacağına şübhə edilmədiyini vurğulayıb: "Bu minlərlə yeni iş yerinin açılması deməkdir. Eyni zamanda bu Azərbaycanın enerji ehtiyatlarının şaxələndirilmiş xətlərlə, daha etibarlı yollarla Avropa bazarlarına çatdırılmasını təmin etmək deməkdir. Ona görə də bu layihənin çox böyük əhəmiyyəti var. Çünkü əsas istiqamət bildiyiniz kimi qeyri – neft sektorunun inkişafı məsələsidir. Hesab edirəm ki, bütün bu addımların nəticəsində Azərbaycanın yaxın 10 il ərzində cənab Prezidentin də qeyd etdiyi kimi, inkişaf etmiş dövlətlərin sırasına daxil olması artıq labud bir məsələyə çevrilir".

Bütün xəbərlər Facebook səhifəmizdə