İlham Şaban: “Neft dəyərini itirir və neft idxalçılarına faktiki olaraq bir o qədər xeyir gəlir” Açıqlama

İlham Şaban: “Neft dəyərini itirir və neft idxalçılarına faktiki olaraq bir o qədər xeyir gəlir” Açıqlama

"Əgər son 3 ay ilə müqayisə etsək neftin qiyməti artıq 26 % ucuzlaşıb. Dünya ölkələrinin təsnifatına baxsaq bunu iki yerə bölmək olar. Neft hasil edən və neft idxal edən ölkələr. Təbii ki, neft hasil edən və neft ixrac edən ölkələrə bu ucuzulaşmadan təqribən ¼ qədər ziyan dəyir". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, hazırda neftin qiymətindəki aşağı düşmələr bəzi ölkələrə mənfi təsir göstərdiyi kimi, bəzilərinə isə müsbət təsir etməkdədir. Neftin qiymətindəki bu hərəkətlilik dünyanın inkişaf etmiş ölkələrində daha çox texnoloji kəşfləri gündəmə gətirir.

Ekspert bunun daha çox 70-ci illərdən sonra ortaya çıxdığını qeyd edir: "Neft dəyərini itirir və neft idxalçılarına faktiki olaraq bir o qədər xeyir gəlir. 1970-ci ildən bu günə qədər müşahidə olunan odur ki, neftin ucuzlaşması zamanı texnoloji yeniliklər ortaya çıxır. İnkişaf etmiş ölkələrdə məhz neftin qiymətinin aşağı düşməsi zamanı yeni texnologiyalar, mikrosxemlərdən tutmuş daxili yanma mühərrikinin daha effektiv işlənməsinə qədər bir sıra elmlərdə və kəşflərdə bunun kimi amillər özünü göstərir. Çünki, inkişaf etmiş ölkələr neftin alınmasına çoxlu xərclər çəkirdilər, buna görə də xərclərin azaldılmasından yaranan fərqi məhz bu sahələrə yönəldirlər. Hətta, bunu bir növ onların inkişafı üçün yaranmış əlavə şəraitlə müqayisə edirlər. Bu baxımdan təqribən bir neçə ildən sonra texnologiyaların təzahürunu bazarda görmək olar".

Neftin qiymətinin düşməsinin Azərbaycana təsirlərindən danışan ekspert, cari ilin 9 ayında büdcədə hər hansı çətinliyin olmadığını, neftin qiymətinin 90 dollar həcmində qalacağı təqdirdə bundan sonra da heç narahatlığın olmayacağını vurğuladı: "Azərbaycan təbii ki, nef tidxalçısıdır. Əgər hər gün ucuzlaşma baş verirsə, ölkənin hər gün gəlirləri azalır. Ölkə hazırda gündə 720 min barel neft ixrac edir. Bunu gündəlik və ya aylıq hesablamaq olar. Cari ilin 9 ayı üçün Azərbaycan neftinin ixrac qiyməti 109 dollar olub. Hazırda söhbət 4-cü rübdə orta ixrac qiymətinin nə qədər olacağından gedir. Əgər 4-cü rübdə qiymət 90 dollar həcmində olarsa hökumət büdcə qarşısında öz öhdəliyini yerinə yetirmiş olur. Əgər 4-cü rübdə neftin qiyməti 90 dollardan aşağı həddə olarsa, büdcə proqnozlarını həyata keçirmək mümkün olmur".

Bütün xəbərlər Facebook səhifəmizdə