"Bakı-Tbilisi-Qars dəmir yol xətti: Tarixi İpək Yolunun inkişafına yeni imkanlar"
Bu gün Heydər Əliyev Mərkəzində "Bakı-Tbilisi-Qars dəmir yol xətti: Tarixi İpək Yolunun inkişafına yeni imkanlar" adlı beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda əsas hədəf kimi Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizinin əsas dəmir yolu bağlantısı olan Bakı-Tbilisi-Qars layihəsinin imkanlarının, tranzit potensialının aktiv təbliği yolu ilə onun beynəlxalq nüfuzunun daha da yüksədilmısi, bu xətdə yük və sərnişin axınlarının cəlb edilməsi üçün imkanların genişləndirilməsi seçilib.
Tədbirdə Baş nazirin müavini Abid Şərifov, Nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan, Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Şavliaşvili, TRASECA Hökumətlərarası Komissiyasının Baş katibi Eduard Biryukov və bir çox beynəlxalq təşkilatların və maliyyə institutlarının nümayəndələri iştirak edib.
Konfransda nəqliyyatla bağlı ümumi məsələlər, bu sahədə mövcud problemlər və onların həlli yolları, dəhliz boyu ölkələr tərəfindən həyata keçirilən və perspektiv layihələr, yeni təşəbbüslər, nəqliyyat əlaqələrinin və tranzitin inkişafında beynəlxalq təşkilatların və maliyyə institutlarının rolu və potensial imkanları, təhlükəsizlik, ekoloji aspektlər, eləcə də lokal və qlobal miqyaslarda effektiv logistik konsepsiyaların tətbiqi və digər məsələlər müzakirə olunub.
Tədbirdə ilk öncə, Baş nazirin müavini Abid Şərifov çıxış edərək Azərbaycan prezidenti İlham Əliyevin tədbirlə bağlı müraciətini iştirakçıların nəzərinə çatdırıb. Müraciətdə BTQ dəmir yolu xəttinin inkişafı perspektivləri barədə danışılıb və yaxın vaxtlarda istifadəyə veriləcək BTQ dəmir yolunun Azərbaycanın və bölgənin inkişafında böyük rol oynayacağı bildirilib.
Müraciətdə qeyd olunub ki, dəmir yolu xəttinin istiifadəyə verilməsi Azərbaycanın infrastruktur layihələrinin genişlənməsinə səbəb olacaq. Müraciətin sonunda isə Prezident tədbir iştirakçılarına uğurlar arzulayıb.
Nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, dəmir yol magistralı istismara verildikdən sonra ilk beş ildə yükdaşımaların həcmi ildə 5 milyon ton təşkil edəcək, sonrakı illərdə isə bu rəqəm ildə 15 milyon tona çatdırılacaq: "Yeni Avrasiya nəqliyyat dəhlizi 2015-ci ilin əvvəlində istismara veriləcək. Hazırda Gürcüstan ərazisində uzunluğu 26,5 kilometr olan yeni dəmir yolunun salınması və 153 kilometrlik köhnə dəmir yolunun modernləşdirilməsi üzrə işlər aparılır. Türkiyə ərazisində xəttin uzunluğu 76 kilometr olacaq və onun ümumi uzunluğunun üçdə ikisi tunellərin payına düşür və tikinti işləri 2014-cü ilin sonuna başa çatacaq. Bu layihə regional çərçivədən çıxaraq beynəlxalq xarakter alıb. Bakı-Tbilisi-Qars magistralı üzrə Asiya və Avropa ölkələrindən yüklər tədarük edəcək".
Türkiyənin nəqliyyat, dəniz və kommunikasiya naziri Lütfi Əlvan isə qeyd edib ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti həm Asiya, həm də Avropanın mühüm layihəsindən biridir: "Bu, dostluq, qardaşlıq, iqtisadi bağların gücləndirilməsinə xidmət edən layihədir. Biləvasitə tarixi İpək Yolunu yenidən canlandıran layihədir. Londondan Pekinə uzanan xəttdə iki əsas çatışmazlıq var idi. Bunlardan biri Türkiyədə Mərmərə dənizini keçmək, ikincisi isə Qars-Tiflis-Bakı xətti idi. Biz "Marmaray" layihəsini həll edərək çətinliklərdən birini həll etdik. İkinci çatışmazlığımız olan Bakı-Tiflis-Qars dəmir yolu xəttini də gələn il tamamlayacağıq. Bu, təkcə Azərbaycan, Türkiyə və Gürcüstanı deyil, bütün bölgəni, Avropaya da açıq olan layihədir. Bu layihə Avropa ilə Asiyanı canlı olaraq hərtərəfli bağlayacaq xətt olacaq".
Konfransda qeyd olundu ki, BTQ yalnız Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, eləcə də Asiya respublikaları üçün mühüm əhəmiyyət kəsb edir. Layihənin reallaşması ilə Azərbaycan, Gürcüstan və Türkiyənin Mərkəzi Asiya, Çin və Avropa ilə birləşməsi üçün real imkanlar yaranacaq. Eyni zamanda, BTQ dəmir yolu iqtisadi səmərəlilik, sürət və vaxt, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Artıq bir sıra dövlətlər bu nəqliyyat dəhlizinə maraq göstərirlər.
Sonda konfrans zamanı aparılmış fikir mübadiləsinin nəticələrini əks etdirən yekun sənəd qəbul edilib.
Qeyd edək ki, Gürcüstan, Azərbaycan və Türkiyə dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası sazişi 2007-ci il fevralın 7-də imzalayıblar. Bu ilin sonunda BTQ dəmir yolu ilə Türkiyə sərhədinədək ilk işçi qatarın yola salınması nəzərdə tutulur. Ümumiyyətlə, nəqliyyat dəhlizinin 2015-ci ilin ikinci yarısında tam istifadəyə verilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB