Dövlət Komitəsi BMT tədbirinə sədrlik edib

Dövlət Komitəsi BMT tədbirinə sədrlik edib

Cenevrə şəhərində yerləşən BMT-nin Avropa üzrə mənzil-qərargahında BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsinin 75-ci Sessiyası keçirilib. Azərbaycan Respublikasını Sessiyada Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə hökumətlərarası İşçi Qrupuna, eləcə də onun Bürosuna 2013-cü ilin mart ayında regiona daxil olan 56 üzv dövlətin açıq səsverməsi yolu ilə seçilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrlik edir.

Sessiyada Dayanıqlı Mənzil Təsərrüfatı Xartiyası, sözügedən komitə tərəfindən son bir il ərzində həyata keçirilən tədbirlər, Avropa İqtisadi Komissiyası regionu üçün 2014-2020-ci illər üzrə Mənzil Təsərrüfatı və Daşınmaz Əmlak İdarəçiliyi Strategiyası və Tədbirlər Planının icra vəziyyəti nəzərdən keçirildi, habelə aidiyyəti mövzularda ölkə təqdimatları dinlənilib. Qeyd edilməlidir ki, Avropa İqtisadi Komissiyası özündə bütün Avropa dövlətlərini, keçmiş SSRİ ölkələrini, Şimali Amerika materikinə daxil olan Amerika Birləşmiş Ştatları və Kanadanı, eləcə də İsrail və qardaş Türkiyə də daxil olmaqla 56 üzv dövləti birləşdirir.

Tədbirdə daşınmaz əmlak idarəçiliyi məsələləri müzakirə edilib. Bununla əlaqədar, BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə hökumətlərarası İşçi Qrupunun cari il ərzində gördüyü işlərlə bağlı geniş hesabatı təqdim edilib. Daşınmaz Əmlak İdarəçiliyi üzrə hökumətlərarası İşçi Qrupunun sədri olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi sessiyanın daşınmaz əmlak idarəçiliyi blokunu açıq elan edib. Tədbir iştirakçılarına 56 üzv dövlətin daşınmaz əmlak idarəçiliyi sistemlərinin təşviqi və inkişaf etdirilməsi istiqamətində hökumətlərarası İşçi Qrupu tərəfindən həyata keçirilmiş tədbirlərin icra vəziyyəti, Avropa İqtisadi Komissiyası regionu üçün işlənib hazırlanmış daşınmaz əmlakın idarə edilməsi strategiyasının üzv dövlətlərdə tətbiqi, iqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün daşınmaz əmlak idarəçiliyi sistemlərinin müvafiq rolu və bu sahədə ölkələr arasındakı təcrübə mübadiləsi, habelə son bir il ərzində İşçi Qrupu tərəfindən müxtəlif ölkələrdə təşkil edilmiş konfrans, seminar və forumların gedişi və 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Tədbir çərçivəsində Daşınmaz Əmlak İdarəçiliyi üzrə hökumətlərarası İşçi Qrupunun Büro üzvləri olan dövlətlərin nümayəndələri daşınmaz əmlak idarəçiliyinin müxtəlif aktual mövzularına həsr edilmiş təqdimatlarla çıxış ediblər.

Beləliklə, BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsinin 2 gün davam edən 75-ci Sessiyası öz işini uğurla başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə