Ekspert: “Kənd təsərrüfatı mallarının Rusiya bazarlarına axması qiymət artımında əhəmiyyətli rol oynayır” Açıqlama

Ekspert: “Kənd təsərrüfatı mallarının Rusiya bazarlarına axması qiymət artımında əhəmiyyətli rol oynayır” Açıqlama

Azərbaycanda əvvəlki illərə nisbətən bu il havaların quraqlıq keçməsi kənd təsərrüfatı mallarının qiymətinə təsir edib. İqtisadçı ekspert Azər Mehdiyev SİA-ya verdiyi açıqlamasında qiymət artımında təkcə quraqlığın rol oynamadığını qeyd edib. O, qiymət artımına səbəb olan məsələlərdən birinin Rusiyaya kənd təsərrüfatı mallarının daşınması olduğunu deyib: "Bu il də Azərbaycanda kənd təsərrüfatı mallarının qiyməti artıb. Hər il yayın çox isti keçməsi və son dərəcə quraqlıqların olması qeyd olunur. Təbii ki, kənd təsərrüfatı mallarının Rusiya bazarlarına axması qiymət artımında əhəmiyyətli rol oynayır".

Kənd təsərrüfatı yarmarkalarında qiymətlərin bazarlara nisbətən aşağı olduğunu da ifadə edən ekspert bunun şəhər əhalisinin bu məhsullara olan ehtiyacını asan əldə etməsində vasitə olduğunu vurğulayıb, məhsulların istehsalının artırılmasının vacib şərt olduğunu bildirib: "Kənd təsərrüfatı yarmarkalarında nə dərəcədə məhsul bolluğunun təmin edilməsi və qiymətin aşağı olması məlum məsələdir. Hər il kənd təsərrüfatı yarmarkalarında qiymətlər bazarlardan fərqli olsa da, ancaq bütövlükdə bu yarmarkalar mütəmadi xarakter daşıyır, lakin əhalinin ehtiyaclarını tam ödəyə bilmir. Bu gün əhalinin zəruri ehtiyaclarını ödəyən kənd təsərrüfatının bazarda olduğunu söyləmək çətindir. Bu baxımdan yarmarkalar əhalinin kənd təsərrüfatı məhsullarına əl çatmasında vasitədir. Lakin bu bütövlükdə ərzaq bolluğunu təmin edə bilmir. Qiymətlərin aşağı düşməsinin vacib şərti kənd təsərrüfatının məhsullarının istehsalının artmasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə