Azər Mehdiyev: “Azərbaycanın ÜTT-yə üzv olması zəruri məsələdir” Açıqlama
"Dünya ölkələrinin artıq 95 %-dən çoxu Dünya Ticarət Təşkilatının üzvüdür. Bu o deməkdir ki, dünya ticarətinin 95 %-i bu təşkilat çərçivəsində baş verir. Təbii ki, Azərbaycan bu gün dünyaya inteqrasiya olmaq istəyirsə, təşkilatdan kənarda qalması qeyri-mümkündür". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın hazırda dünya ilə ticarətində əsas rolu neft və neft məhsulları oynayır. Azərbaycan Dünya Ticarət Təşkilatına daxil olduqdan sonra ölkənin həm ixracında, həm də idxalında artım qeydə alınacaq: "Hələ ki, Azərbaycanın hazırki ixracında əsas məhsullarını neft və neft məhsulları təşkil edir. Lakin, Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə, idxalla yanaşı ixracında da digər məhsulların xüsusi çəkisinin artması gözlənilir. Belə bir şəraitdə dünya ticarətində həyata keçirilən qaydaların Azərbaycana da şamil olunması və Azərbaycan sahibkarlarının öz məhsullarını əlverişli şərtlər daxilində dünya ölkələrinə ixrac etməsi mümkün olacaq.
Azərbaycanın qarşıda duran çətinliklərə baxmayaraq, Dünya Ticarət Təşkilatına üzv olmasının zəruri olduğunu qeyd edən ekspert burada əsas rolu sahibkarların oynadığını vurğulayıb: "Təbii ki, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olması zəruri məsələdir. DTT-yə üzv olmaq bir tərəfdən Azərbaycan Ticarət qanunvericiliyinin dünya standartlarına uyğunlaşmasına gətirib çıxaracaq. Bu ölkə sahibkarları üçün xaricə mal çıxarmağın şərtlərini asanlaşdırır. Malların hərəkəti təhlükəsizliyini təmin edir. Həm də bərabər şərtləri ortaya qoyur. Dünya Ticarət Təşkilatına üzv olduqda Azərbaycan sahibkarları üçün şərtlər bir qədər daha ağır ola bilər. Bu baxımdan Dünya Ticarət Təşkilatına üzv olması Azərbaycanın özünün bu prosesə hazır olmasını sürətləndirməsini tələb edir. Bütün hallarda Azərbaycan açıq iqtisadiyyata malik ölkə olmaq istəyirsə, biz dünya iqtisadiyyatına inteqrasiya etmək istəyiriksə, bizim DTT-yə üzv olmağımız qaçılmaz bir prosesdir".
Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Vahid Əhmədov da məsələ ilə bağlı olaraq fikirlərini bildirib. O, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü məsələsi ilə bağlı ölkə prezidentinin yaxından maraqlandığını və komissiyanın yaradıldığını bildirib: "Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olması gündəmdə olan məsələdir. Bununla əlaqədar dövlət başçısının sərəncamı var. Komissiya yaradılıb, bu komissiyaya İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi və s. daxildir. Bununla əlaqədar biz də bir neçə dəfə Milli Məclisdə deputatlarla müəyyən görüşlər keçirmişik. Bu proses hazırda əsasən Xarici işlər nazirinin müavini cənab Mahmud Məmmədquliyevin rəhbərliyi altında aparılır. Müəyyən şərtlər var ki, o şərtlər razılaşdırılır və protokollar imzalanır ki, Azərbaycan Dünya Ticarət Təşkilatına daxil olsun".
Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünün gecikməsi məsələsinə də toxunan Vahid Əhmədov fikirlərinə bunları əlavə edib: "Təşkilata daxil olmanın gecikməsinin səbəbi ondadır ki, DTT-nin müəyyən şərtləri var. O şərtləri qəbul etdikdən sonra təşkilata daxil olduqda müəyyən problemlərlə üzləşilə bilər. Nəticədə, Azərbaycan öz daxili bazarını qoruya bilməz. Orada əsasən gömrük rüsumları ilə əlaqədar problem var, rüsumlar razılaşdırılmalıdır. Bir də müəyyən müddətə qədər, 3 – 5 il müddətinə güzəşt götürülməlidir. Güzəştin səbəbi daxili bazarı qoruyub saxlamaqdır. Bu da bizim üçün çox vacibdir. Çünki, kənd təsərrüfatında digər məhsulların daxili bazarda satışını təmin etmək üçün, qoruyub saxlamaq, kənardan məhsulun Azərbaycana ciddi daxil olmaması üçün bu maddələrin hamısı razılaşdırılmalıdır. Əlbəttə ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmalıdır. Bu proses nə qədər tez baş verərsə, Azərbaycanda demokratik prinsipləri çərçivəsində iqtisadi siyasət daha tez həyata keçirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB