Muxtar Babayev: “Əsrin müqaviləsi”ndə Böyük Britaniyanın rolu böyükdür”

Muxtar Babayev: “Əsrin müqaviləsi”ndə Böyük Britaniyanın rolu böyükdür”

"Əsrin müqaviləsi"ndə Böyük Britaniyanın rolu böyükdür". SİA-nın məlumatına görə, bu sözləri "Əsrin müqaviləsi"nin 20-ci ildönümünə həsr olunmuş Azərbaycan-Böyük Britaniya əməkdaşlığı üzrə forumda çıxış edən Milli Məclisin deputatı Muxtar Babayev deyib.

Millət vəkili Azərbaycanın "Əsrin müqaviləsi"ni imzaladığı vaxtda iqtisadi cəhətdən çətinliyindən və Ümummilli liderin əməyindən danışıb: "20 il öncəyə baxdığımızda hansı yollardan keçdiyimizi görmək mümükündür. "Əsrin müqaviləsi" imzalanarkən Ümumilli lider Heydər Əliyevin necə məsuliyyətli işə addım atdığını və öhdəsindən necə gəldiyini gördük. O vaxt Neft Şirkətinin öz payını maliyyələşdirmə imkanı yox idi. Öz gücümüzlə neft yataqlarını inkişaf etdirə bilməzdik".

Azərbaycanın günümüzdəki inkişafından danışan Milli Məclisin deputatı Böyük Britaniyanın Azərbaycanın inkişafında böyük rol oynadığını vurğulayıb: "Bu gün isə Azərbaycan sürətlə inkişaf edir. Artıq ölkəmiz beynəlxalq aləmdə sözünü deyən ölkələrdən sayılır. "Əsrin müqaviləsi"ndə Böyük Britaniyanın rolu böyükdür. Əvvəllər biz xaricdən sərmayə gözləməli olsaq da, bu gün artıq sərmayədar olmuşuq. 1994-95-ci illərdə bugünki inkişafı görə bilməzdik. Amma bu gün Azərbaycan güclü dövlətə çevrilib. Ölkəmiz hər sahədə sürətlə inkişaf edir".

Təhsil və idman sahəsinə də toxunan Muxtar Babayev bunları deyib: "İnkişaf daha çox təhsil sahəsində də özünü göstərir. Azərbaycanda artıq Britaniya məktəbləri fəaliyyət göstərir. Şagirdlərin bu məktəblərdə təhsil alması üçün hər bir şərait yaradılıb. Gələn il böyük Avropa oyunlarının Bakıda keçirilməsi idmanın Azərbaycanda nə dərəcədə inkişaf etdiyini göstərir".

Ekoloji problemlərə toxunan millət vəkili bildirib ki, Azərbaycanın 165 illik neft tarixi var: "Bu tarix ərzində ölkəmizdə ekoloji problemlər yaranıb. Bu sahədə də mühüm işlər görülür. Ekoloji problemlərin həlli sahəsində "BP" şirkəti SOCAR ilə əməkdaşlıq edir".

Bütün xəbərlər Facebook səhifəmizdə