Dövlət başçısı: “Bizim kifayət qədər valyuta ehtiyatlarımız var”
"Qeyri-neft sənayesi 6 faiz səviyyəsində artıb. Bu da çox müsbət göstəricidir. İnflyasiya çox aşağı səviyyədədir - cəmi 1,5 faiz. Əhalinin pul gəlirləri isə 5,4 faiz artıb. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir". SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı söyləyib.
"Əminəm ki, inflyasiya ilin sonuna qədər də aşağı səviyyədə olacaq. Çalışmalıyıq ki, gələn il də bu göstərici aşağı səviyyədə olsun. Bunu xüsusilə qeyd etməliyəm, çünki büdcəmiz artır və bu il də büdcə xərcləri kifayət qədər böyükdür. Maaşlar, pensiyalar qalxır, doqquz ayda da qalxmışdır. Buna baxmayaraq, inflyasiya aşağı səviyyədədir və bu da makroiqtisadi vəziyyətin sabit olmasını göstərir"-deyə, Prezident bildirib.
Ölkə rəhbərinin sözlərinə görə, investisiyalar böyük həcmdə qoyulur: "İlin əvvəlindən 19 milyard dollar sərmayə qoyulmuşdur. Onlardan 11 milyardı daxili sərmayədir. Bu da son illərdə müşahidə olunan mənzərədir. İnvestisiyalar artır və daxili investisiyalar üstünlük təşkil edir. Düzdür, daxili investisiyaların böyük hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ də dövlət xətti ilə infrastruktur layihələrinə, o cümlədən sosial infrastruktur layihələrinin icrasına vəsait ayrılmalıdır. Ancaq Azərbaycana özəl sərmayə də qoyulur. Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır, yerli və xarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə inanırlar. Buna görə Azərbaycana çox böyük həcmdə investisiyalar qoyulur.
Bu gün deyə bilərəm ki, dünyanın əksər ölkələrində xarici investisiyaları cəlb etmək üçün çox böyük işlər aparılır, rəqabət aparılır. Çünki hər bir ölkənin iqtisadi inkişafını investisiyalar müəyyən edir. Bu gün avrozonada müşahidə olunan vəziyyət onu göstərir, ekspertlər, alimlər qeyd edirlər ki, investisiyalar olmasa, bu böhrandan çıxmaq çətin olacaq.
Azərbaycanda isə bu sahədə vəziyyət çox müsbətdir. Doqquz ayda 19 milyard dollar investisiya qoyulub. İlin sonuna qədər bu rəqəm daha da artacaq və beləliklə, bizim inkişafımız daha da sürətlə gedəcək.
İnvestisiyalar müxtəlif sahələrə qoyulur: həm sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına, əlbəttə ki, neft-qaz sənayesinin inkişafına. Bu da təbiidir. Çünki bizim iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Məhz buna görə iqtisadi artımımız davam edir. Baxmayaraq ki, hazırda neftin qiyməti də kəskin şəkildə aşağı düşür. Ancaq ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir".
İlham Əliyev vurğulayıb ki, bizim kifayət qədər valyuta ehtiyatlarımız var: "İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki, bu da dünya miqyasında çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarımız isə, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir.
Biz əlbəttə ki, neftdən əldə edilmiş gəlirləri şəffaf saxlamaqla və ölkəmizin inkişafına, o cümlədən sosial layihələrin icrasına yönəltməklə dinamik inkişafımızı təmin edirik. Eyni zamanda, bizim rezervlərimiz artır və artacaq. Mən qarşıya belə vəzifə qoymuşam ki, biz çalışmalıyıq, maliyyə rezervlərimiz ildən-ilə artsın. Bu da, əlbəttə ki, həm xarici investorlar üçün əlavə imkanlar yaradır, inamı artırır, eyni zamanda, dünya maliyyə bazarlarından yaxşı şərtlərlə kreditlərin alınması üçün əlavə imkanlar yaradır. Halbuki buna o qədər də böyük ehtiyac yoxdur. Sadəcə olaraq, bu, bizə əlavə inam verir. Mən dəfələrlə demişəm ki, əvvəlki illərdə bizim əsas vəzifəmiz iqtisadi müstəqilliyimizi yaratmaq idi. Bunu da yaratmışıq. Biz iqtisadi cəhətdən tam müstəqilik, heç kimdən asılı deyilik və bu bizə imkan verir ki, siyasi sahədə də, o cümlədən xarici siyasətdə də müstəqil siyasət aparaq. Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir.
Deyə bilərəm ki, Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Biz bir pillə də irəliyə getdik və dünya miqyasında bu göstəriciyə görə 38-ci yerdə olmaq tarixi nailiyyətdir. Yəni, bir sözlə, biz dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bu, tarixi nailiyyətdir və bizə əlavə inam verir. Biz onsuz da bilirik ki, düz yoldayıq. Azərbaycan inamla inkişaf edir. Ancaq mötəbər, böyük nüfuzu olan maliyyə-iqtisadi qurumların qiymətləndirməsi, əlbəttə ki, çox önəmlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB