Cənub Qaz dəhlizinin təməli atıldı

Cənub Qaz dəhlizinin təməli atıldı

Bu gün Səngəçal termminalında Cənub Qaz dəhlizinin təməli atılıb. SİA-nın xəbərinə görə, təməlatma mərasimi Heydər Əliyev Mərkəzində böyük ekranda canlı yayımlanıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Bolqarıstan prezidenti Rosen Plevneliev, Yunanıstanın Baş naziri Antonis Samaras, Gürcüstanın baş naziri İraekli Qaribaşvili, Monteneqro baş naziri, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız, İtaliyanın iqtisadi inkşaf nazirinin müavini Klaudio Deviçenti, BP prezidenti Robert Dadli və digər rəsmi şəxslər, şirkət nümayəndələri iştirak ediblər.

İlk borunun üzərində Cənub Qaz dəhlizinin keçəcəyi ölkələrin, ARDNŞ və BP-nin bayraqlarının əksi olub. İlk olaraq prezident İlham Əliyev, daha sonra isə digər ölkələrin dövlət və hökumət rəsmiləri, sonda ARDNŞ və BP prezidentləri bayraq əkslərinin aşağısına imza atıblar. Sonra borunun qarşısında xatirə şəkli çəkdirilib. Daha sonra ilk boru xəndəyə döşənərək Cənub Qaz Dəhlizinin təməli atılıb.

Prezident İlham Əliyev deyib ki, bu layihə Avropanın enerji xəritəsini dəyişəcək: "Bu layihənin Azərbaycan üçün faydası var, qaz resurslarımızı dünya bazarına çıxarmağa imkan verəcək. Tranzit ölkələrə yeni imkan yaranır. İstehlakçı ölkələr yeni mənbə əldə edir. Əslində bu, yeni əsrin layihəsidir. Ən azı 100 il ərzində layihə iştirakçısı olan bütün ölkələr fayda götürəcəklər.Burada uduzan tərəf yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə