Caspian Energy jurnalı “Əsrin müqaviləsi”nə xüsusi yer ayırdı
Caspian Energy jurnalının 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış "Əsrin müqaviləsi" nin 20 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb. SİA-nın xəbərinə görə, jurnalın həmin sayında Türkiyə Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğanın eksklüziv müsahibəsi dərc olunub.
Jurnalda Azərbaycanda Neftçilər Günü peşə bayramına, Astraxanda keçiriləcək Xəzəryanı dövlətlərin Sammitinə, nəqliyyat dəhlizlərinin beynəlxalq inkişaf aspektlərinə, dünya enerji təhlükəsizliyinə həsr edilmiş eksklüziv müsahibələr və aktual məqalələr yer alıb.
Jurnalın Əsrin müqaviləsinin 20 illiyinə həsr olunmuş nömrəsində həmçinin Avropa Komissiyasının vitse-prezidenti, energetika üzrə avrokomissar Günter Ettingerin, Azərbaycanın xarici işlər nazirinin müavini, Azərbaycan tərəfindən Xəzərin hüquqi statusu üzrə İşçi Qrupunun rəhbəri Xələf Xələfovun, Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolovanın, MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, RF-in Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərovun eksklüziv müsahibələri dərc olunub.
Bundan əlavə, jurnalda neft-qaz və infrastruktur sektorlarının inkişafı, eləcə də ARDNŞ və onun struktur bölmələrini, Caspian Marine Services Limited, SOCAR Fugro LLC, Schneider Electric, AccessBank, SOCAR-AQS, Grand Hotel Europe, "Ekol Mühəndislik Xidmətləri" QSC, Liebherr, Nabucco Architecture and Construction, Iteca Caspian şirkətləri, həmçinin "G-Global formatında keçid dövründə risklərin idarə eidlməsi" VII Astana İqtisadiyyat Forumunun və II Ümumdünya Antiböhran Konfransının nəticələri ilə bağlı material və müsahibələr yer alıb.
Məlumat üçün bildirək ki, Caspian Energy dünyanın 50 ölkəsində yayılır. Jurnalda MDB və Aİ dövlətlərinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların, nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin xülasə və analitik materialları çap olunur.
Caspian Energy jurnalının 2014-cü ildə işıq üzü görmüş əvvəlki nömrələrində Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin, İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkxalterin, Çex Respublikasının Prezidenti Miloş Zemanın, Xorvatiya Prezidenti İvo Yosipoviçin müsahibələri dərc olunub.
Müxtəlif hesablamalara görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrlərinin ilk beşliyinə daxildir. Bir çox sərmayədarlar adları qeyd olunan regionlarda özlərinin fəaliyyətini müəyyənləşdirmək üçün bu nəşrdən oriyentir kimi istifadə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB