İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il sentyabrın 5-də Şamaxı rayonunun Sabir qəsəbəsində "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair işgüzar forum keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Fond tərəfindən Şamaxı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- ixtisaslaşdırılmış yaşıl marketin yaradılması;
- 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının yaradılması;
- kiçik pendir istehsalı müəssisəsinin yaradılması;
- üzümçülük və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin) yaradılması;
- kiçik fermer mağazalarının yaradılması.
Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17; e-mail: [email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB