ARDNŞ-nin əməkdaşları Düsseldorfda keçirilən seminarda iştirak ediblər
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndə heyəti Almaniyanın Düsseldorf şəhərində "E.ON" şirkətinin təşkilatçılığı ilə keçirilən "Peşə təhsili sistemində tətbiq olunan innovativ metod və proqramlar" mövzusunda seminarda iştirak edib. ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, seminarda "E.ON" şirkətində Dual peşə təhsili proqramının təsviri və analizi, Avropa Təsnifat Çərçivəsinə əsasən Almaniyanın peşə təhsili növlərinin təsnifatı, Boloniya prosesinin və digər təhsil sistemlərinin və standartlarının konsolidasiya proseslərinin yerli milli təhsil sistemlərinin davamlılığının artırılmasına təsiri, təhsil müəssisələrinin növləri və onlar tərəfindən təmin olunan təhsil səviyyəsi (orta/ali peşə təhsili), kadr ehtiyatı təminatı məqsədilə sənaye və kommersiya sektorlarının özünütəşkili, Almaniyadan ixtisaslaşmış kadr ehtiyatının təhsil və təlim texnologiyalarının digər ölkələrə uğurlu keçidinin nümunələri, "E.ON" konsernində təhsil idarəetmə şöbəsinin strukturu kimi məsələlər müzakirə edilib.
Seminar iştirakçıları texniki ixtisaslı mütəxəssislərin hazırlanması üzrə "E.ON" konserninin Qelzenkirxende yerləşən tədris-istehsalat mərkəzinə səfər ediblər. Mərkəzin sex və emalatxanalarında müəllimlər və şagirdlərlə fikir mübadiləsi aparılıb.
Daha sonra Dual sistemi çərçivəsində maddi-texniki baza ilə tanışlıq üçün peşə kollecinə baş çəkilib, orada istehsalatdankənar tədrisə dair məruzə dinlənilib. Düsseldorf şəhərinin Ticarət-Sənaye Palatasında keçirilən görüşdə bu qurumun bazasında peşə imtahanlarının qəbulunun təşkili, peşə təhsili sahəsində attestasiya və imtahanların keçirilməsi üzrə ictimai işlərə aidiyyəti sahə mütəxəssislərinin cəlb edilməsi müzakirə mövzusu olub.
Dual təhsilin qanunvericilik çərçivələrini nəzərdən keçirmək üçün Bonnda yerləşən Federal Peşə Təhsili və Tədqiqat İnstitutunda müzakirələr aparılıb.
Səfər zamanı ARDNŞ-in əməkdaşları Şimali Reyn-Vestfaliyada yerləşən Ali Məktəblər İttifaqında çalışanlar üçün qiyabi ali təhsil imkanlarını nəzərdən keçiriblər. "E.ON" konsernində təhsil idarəetmə şöbəsi ilə "dəyirmi masa" ətrafında yekun müzakirələr aparılıb.
Səfərin son günündə ARDNŞ-in nümayəndə heyəti Düsseldorfda keçirilən Stuzubi təhsil sərgisində iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB