Nazir Tovuzda vətəndaşları dinlədi

Nazir Tovuzda vətəndaşları dinlədi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq kənd təsərrüfatı naziri Heydər Əsədov avqustun 22-də Tovuz şəhərində Gədəbəy, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, kənd təsərrüfatı texnikası ilə təminat, istehsal olunan məhsulun satılmasında qarşıya çıxan problemlər, subartezian quyularının qazılması, iri heyvandarlıq komplekslərinin yaradılması, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazirliyin müvafiq qurumlarının iştirakı ilə keçirilən qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir çoxu yerində həll olunub. Həmçinin vətəndaşları narahat edən məsələlərin qanunvericiliyə uyğun və mümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra Nazir Heydər Əsədov Tovuz, Şəmkir və Kürdəmir rayon Kənd Təsərrüfatı İdarələrin təməlqoyma mərasimində iştirak edib, müvafiq tapşırıq və tövsiyyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə