Azər Mehtiyev: "Əhali ilə bələdiyyələrin münasibətləri yeni mərhələyə keçəcək" AÇIQLAMA
"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsinə yönəlib". Bu sözləri SİA-ya iqtisadçı-ekspert Azər Mehtiyev deyib.
Onun sözlərinə görə, Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı bir neçə il bundan əvvəl həm bələdiyyələrin genişlənməsi üçün əmlak vergisinin hesablanması qaydalarının dəyişdirilməsini, həm dotasiyaların verilməsi mexanizmində dəyişikliklər, həm də bələdiyyələrə subvensiyaların verilməsi mexanizmlərini təklif etmişdi. Ekspert bildirib ki, artıq cənab Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam həmin təkliflərin reallaşması deməkdir.
"Demək olar ki, əvvəllər əmlak vergisinin yığılma, hesablanma mexanizmi işləmirdi. Ancaq bundan sonra bu mexanizmlər daha da rahat olacaq. Çünki əvvəllər əmlakın dəyərinin hesablanması ilə bağlı problemlər ortaya çıxırdısa, bundan sonra dəyərin hesablanmasına ehtiyac qalmayacaq. İnsanlar biləcək ki, hər bir evin sahəsi əsasında nə qədər əmlak vergisi ödəmək lazımdır. Bu da təbii ki, əmlak vergisinin hesablanması ilə bağlı həm bələdiyyələrin işini asanlaşdıracaq, həm də şəffaflıq yaradacaq. İnsanlar konkret verginin məbləğini biləcək, bunu necə ödəmək lazım olduğunu öyrənmiş olacaqlar"- deyə, A. Mehtiyev qeyd edib.
İkinci mühüm dəyişiklik barədə danışan ekspert bildirib ki, indiyədək dotasiyaların verilməsi zamanı ayrı-ayrı kəndlərdə demək olar ki, ciddi meyarlar nəzərə alınmırdı: "İndi ərazidə olan əhalinin sayı, yaşayışı, həmin ərazinin ölkənin ümumi inkişafına verdiyi töhfələr və s. kimi amillər dotasiyaların hesablanması zamanı nəzərə alınacaq.
Dotasiyalardan fərqli olaraq, subvensiyalar konkret layihələrə, məqsədlərə yönəldilir. Bu isə o deməkdir ki, bələdiyyələr öz ərazilərində olan hər hansı problemlərin həlli, sosial-iqtisadi inkişaf proqramları ilə bağlı konkret layihələr işləyə bilər, həmin layihələri əsaslandırmalarla təqdim edib, büdcədən konkret həmin istiqamətə yönəlmiş vəsait əldə edə bilərlər. Bu, bələdiyyələrin maliyyə imkanlarını genişləndirəcək, onları daha geniş, maraqla işləməyə sövq edəcək. Aydındır ki, nəticədə əhali ilə bələdiyyələrin münasibətləri yeni mərhələyə keçəcək. Baş verən dəyişiklikləri müsbət qiymətləndirirəm. Yəqin ki, gələn il yanvarın 1-dən bu dəyişikliklər qüvvəyə mindikdən sonra, yeni formalaşmış bələdiyyələr artıq həm idarəetmə sayı baxımından, həm də əhali ilə münasibətlərin qurulması baxımından yeni mərhələyə qədəm qoyacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB