Gürcüstan prezidenti jurnalın kollektivini təbrik etdi

Gürcüstan prezidenti jurnalın kollektivini təbrik etdi

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə Caspian Energy İnternational Media Group-un oxucularını və redaksiya heyətini təbrik edib.

SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "1994-cü il - böyük təşəbbüslər ilidir. Azərbaycan və Gürcüstanın o vaxtkı Prezidentləri Heydər Əliyev və Eduard Şevardnadze Əsrin müqaviləsinin həyata keçirilməsi üzərində işləyirdilər. Onların bu işdə böyük xidmətlərini vurğulamamaq mümkün deyil. Onlar razılığa gəlməklə və bir-birləri ilə ümumi dil tapmaqla regionumuzun inkişafı üçün ciddi təməl qoydular. Biz Gürüstanın tərəqqisini əslində Xəzərlə Qara dənizi birləşdirən layihələrin gələcək inkişafında görürük. Onların həyata keçməsində əsas rolu Azərbaycan oynayır. Bu layihələrin inkişafı, Qərbə və Şərqə doğru genişlənməsi onların daha effektiv olmasının zəmanətidir. Üstəlik, bununla həm də bütün region ölkələrinin milli təhlükəsizliyi təmin olunacaq. Mən yalnız enerji layihələrindən deyil, həm də regionda sabitliyə təsir göstərən nəqliyyat layihələrindən bəhs edirəm".

"Enerji və iqtisadi amillərin köməyi ilə bu layihələrdə iştirak edən dövlətlər avtomatik olaraq Gürcüstanın və Azərbaycanın sabitliyinə dəstək vermiş olur. Bu isə öz növbəsində kifayət qədər ciddi faktor hesab edilir. Çünki transmilli layihələrin inkişafı avtomatik olaraq layihələrin hər iki tərəfini özünə dost edir", - deyə Gürcüstanın dövlət başçısı əlavə edib.

"Bu baxımdan səhifələrində beynəlxalq enerji və nəqliyyat layihələrinin inkişafından bəhs edən Caspian Energy olduqca gözəl beynəlxalq jurnaldır. Mən Caspian Energy jurnalının kollektivini və dünyanın 50 ölkəsindəki oxucularını bu əlamətdar tarix münasibətilə təbrik etmək və Sizə gələcək fəaliyyətinizdə yaradıcılıq nailiyyətləri və peşəkar uğurlar arzulamaq istəyirəm", - deyə Giorgi Marqvelaşvili vurğulayıb.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili 14 Noyabr 2014-cü il Tiflisdə keçiriləcək 2-ci Beynəlxalq Caspian Energy Forumunda iştirakını rəsmi olaraq təsdiq edib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin eksklüziv müsahibəsi Caspian Energy jurnalının 85-ci sayında (mart-aprel 2014-cü il) dərc edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə