Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib
Bu gün Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil etdikləri yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarıldı. "Təzə bazar" MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 13,85 ton məhsul, o cümlədən 0,4 ton ət, 0,1 ton ağartı, 4,5 ton tərəvəz, 4 ton meyvə və s. təklif olunurdu.
Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 30-50, yumurtanın 1 ədədi 9 qəpiyə və s. satılır.
Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 110 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər kənd nemətləri gətirilib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, yarmarkaya çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri, o cümlədən kələm, yerkökü, çuğundur, bibər, alma, armud, göyərti, xüsusilə qarpız, yemiş və digər məhsullar üstünlük təşkil edir. Meyvə-tərəvəzlərdən təzə kartof, lobya, badımcan, soğan, alça, çiyələk, gilas, albalı, gavalı, qarağat, ərik, şaftalı, həmçinin yemiş, qarpız daha həvəslə alınır. Bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz qiymətə satılır.
Yarmarkaya daxil olan bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nəzarət tərəzisi qoyulub, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 17,5 tondan çox kənd təsərrüfatı məhsulu çıxarılıb.
Yarmarkada təklif edilən məhsulların keyfiyyətli və bazardakından 25-30 faiz ucuz olması alıcılar tərəfindən razılıqla qarşılanır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, yarmarkalarda qəsəbə sakinlərin tələbatı nəzərə alınaraq məhsulların çeşidinə ciddi dəyişikliklər edilib. Burada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilib.
Şənbə günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda-"Günəş" ticarət mərkəzində (17,5 ton) və "Suraxanı Maşınqayırma Zavodu" Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,3 ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından, ümumilikdə, 19,8 ton məhsul çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada mövsümi kənd nemətlərindən pomidor, xiyar, göyərti, kartof, soğan, lobya, badımcan, kələm, alma, armud, alça, çiyələk, gilas, albalı, ərik, gavalı, şaftalı, yemiş, qarpız və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur.
Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonunda, metronun "Gənclik" stansiyasının yaxınlığındakı yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından 42,7 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən 6 min ədəd yumurta gətirilib.
Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq tərəvəzlərdən kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, meyvələrdən alma, armud, gilas, gilənar, şaftalı, alça, gavalı, ərik, qarağat, bostan məhsullarından qarpız, yemiş, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti, ağartı və bostan məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə təklif olunmasından razılıq edirdilər.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.
Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Ağstafa, Siyəzən, Goranboy, Bərdə və digər rayonların fermerləri bol və keyfiyyətli meyvə-tərəvəzlər, göyərti və süd məhsulları çıxarıblar.
Şəhər sakinləri qiymətləri bazarlardakından 20-30 faiz ucuz olan həmin məhsulları həvəslə alırdılar. Yarmarkaya çıxarılan məhsullar arasında kartof, soğan, lobya, yerkökü, xiyar, pomidor, çuğundur, kələm, alça, çiyələk, gilas, gilənar, ərik, yemiş, qarpız və digər meyvə, tərəvəz və bostan bitkiləri üstünlük təşkil edirdi.
Alıcılar yarmarkanın təşkilindən razı qaldıqlarını söyləyirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, bugünkü yarmarkaya 26,8 ton məhsul gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB