Bərdədə “açıq qapı” günü keçirilib FOTOLAR

Bərdədə “açıq qapı” günü keçirilib FOTOLAR

10 iyul 2014-cü il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdədə yerləşən 7 saylı ərazi idarəsinin yeni inzibati binasının açılışı olub və vətəndaşlar, maraqlı tərəflər və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün "açıq qapı" günü keçirilib. Ərazi idarəsində "Açıq qapı" gününün təşkilində məqsəd ərazi idarəsində daşınmaz əmlakın qeydiyyatı prosesi ilə əyani tanışlıq, vətəndaşlara və digər iştirakçılara qeydiyyatla bağlı hüquqi prosedurların əyani çatdırılması, vətəndaşların və KİV nümayəndələrinin bu istiqamətdə suallarının cavablandırılmasıdır. Eyni zamanda açılış tədbirindən sonra yerli icra nümayəndələri, bələdiyyələr və digər aidiyyəti təşkilatların nümayəndələri üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi-maarifləndirmə tədbiri keçirilib.

Komitədən SİA-ya verilən xəbərə görə, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov açılış nitqi ilə çıxış edib. O bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq fəaliyyət sahələri üzrə sosial məmnunluğun təmin olunması məqsədilə müntəzəm tədbirlər həyata keçirir. Bu istiqamətdə komitənin önəm verdiyi ən mühüm məsələ fəaliyyətin müasir əsaslarla qurulması, modern idarəetmə sisteminin və informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir. Əsas hədəf isə daşınmaz əmlakın qeydiyyatında vətəndaşlara keyfiyyətli, şəffaf, rahat və çevik xidmətlərin təqdim olunmasıdır.

Qeyd olunub ki, bu gün əhalinin istifadəsinə verilən Bərdə ərazi qeydiyyat idarəsinin yeni inzibati binası da qeyd olunan tədbirlərin davamıdır. Bərdə, Tərtər, Ağdam, Goranboy rayonları və Naftalan şəhərini əhatə edən Ərazi İdarəsinin yeni inzibati binası müasir xidmət standartlarına və tələblərinə tam cavab verir. Sahəsi 745 m2 olan ərazi idarəsinin inzibati binası 3 mərtəbədən ibarətdir. Yeni tikilidə 20 xidməti otağı və akt zalı vardır.

Binada funksional xidmətlər üçün otaqlar, işçilərin inzibati otaqları, vətəndaşların gözləmə zalı, iclas zalı və Arxiv otağı mövcuddur.

Vətəndaşlara rahat və operativ xidmətin təşkili məqsədilə binanın birinci mərtəbəsində sənəd qəbulu və verilməsini təmin edən 5 əməliyyat masası yerləşdirilib. Bütün iş otaqları, iclas zalı və vətəndaşların qəbulu şöbəsi müasir avadanlıq və cihazlarla təchiz olunub. Xidmətlər zamanı növbəliliyin tənzimlənməsi məqsədilə qəbul zalında elektron növbəlilik aparatı quraşdırılıb. Ümumiyyətlə, komitənin ərazi qeydiyyat idarələrində qəbul şöbələrinin müasir əsaslarla fəaliyyətinə böyük diqqət yetirilir. Vətəndaşlara xidmət şəraitinin yüksəldilməsində qəbul şöbələrində rahat, çevik və şəffaf xidmətlərin göstərilməsinə xüsusi əhəmiyyət verilir.

Eyni zamanda binada daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi maarifləndirmə guşəsi yaradılıb. Vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatına dair müvafiq izahedici, o cümlədən, xidmət haqları və rüsumlar barədə məlumatlandırma lövhələri asılıb. Quraşdırılmış monitorlarda daşınmaz əmlakın qeydiyyatı prosedurları, zəruri sənədlər, habelə elektron xidmətlərlə bağlı məlumatların əyani surətdə əks olunması təmin edilib. Binada həmçinin ümummilli lider Heydər Əliyevlə bağlı guşə yaradılıb. Guşədə ulu öndərin Bərdə rayonuna səfərlərini, rayonda keçirdiyi görüşləri və tədbirləri əks etdirən fotostendlər qurulub.

İnzibati binada korporativ idarəetmə sistemi qurulub. Belə ki, daxili server otağı yaradılıb, daxili və xarici kompüter şəbəkəsi qurulub, mərkəzi serverlə əlaqə yaradılması üçün fiberoptik kabel çəkilərək mərkəzi serverə birləşdirilib. Binada rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr təmin edilib. Ərazi idarəsinin həyətində abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə