İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, iyulun 3-də Sahibkarlığa Kömək Milli Fondu Qobustan rayonunun Xilmilli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir.
İşgüzar forumun əsas məqsədi sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Qobustanda həyata keçirilməsi məqsədəuyğun hesab edilən nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Ümumilikdə 70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qobustan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kiçik cins heyvandarlıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin) təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində 2632 sahibkara 129 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1255 investisiya layihəsinin maliyyələşdirilməsinə 45,4 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, taxılçılıq və üzümçülük təsərrüfatlarının, çörək zavodu, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 4800-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Qobustan və ətraf rayonlardan olan 55 sahibkara 528,5 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, bağçılıq sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 60-dan çox yeni iş yerinin açılması mümkün olacaqdır.
Forumda sahibkarlarla müvəkkil kredit təşkilatların nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.
Tədbir çərçivəsində Qobustanda güzəştli kredit ayrılmış heyvandarlıq və arıçılıq təsərrüfatlarının fəaliyyətinə baxış keçirilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB