Səhmdar cəmiyyətlərdə korporativ idarəetmənin artırılmasına dair konfrans keçirilib

Səhmdar cəmiyyətlərdə korporativ idarəetmənin artırılmasına dair konfrans keçirilib

Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və PAŞA Bank-ın dəstəyi ilə səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılmasına dair konfrans təşkil edilib. SİA-nın xəbərinə görə, tədbirdə QKDK ilə yanaşı, İqtisadiyyat və Sənaye nazirliyinin nümayəndələri, PAŞA Bank-ın və Bakı şəhərində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin rəhbərləri iştirak etdib.

Tədbiri giriş sözü ilə açan QKDK-nın sədr müavini İlqar Muradov səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılmasına mövzusunda konfransların Azərbaycanın müxtəlif bölgələrində komitə tərəfindən mütəmadi olaraq təşkil edildiyini qeyd edib.

İ. Muradov konfransın "2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının İnkişafı" Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində təşkil edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sədr müavini komitə tərəfindən səhmdarların hüquqlarının müdafiəsi, onlara bərabər münasibətin təmin edilməsi, beynəlxalq prinsiplərə uyğun korporativ idarəetmə qayda və prosedurlarının yaradılması istiqamətlərində müxtəlif tədbirlərin həyata keçirildiyini deyib. O, səhmdar cəmiyyətlərində maliyyə sabitliyinin təmin edilməsi və dayanıqlıq potensialının artırılması, effektiv və şəffaf, beynəlxalq standartlara uyğun idarəetmə və hesabatlıq sisteminin təşkilinə dair tədbirlərin gücləndirilməsi nəticəsində əhəmiyyətli nailiyyətlərin əldə olunduğunu vurğulayıb.

Daha sonra QKDK-nın hüquq şöbəsinin müdiri Kamran Babayev səhmdar cəmiyyətlərində hesabatlığa dair milli qanunvericiliyin tələbləri və komitə tərəfindən beynəlxalq təşkilatlarla birgə hazırlanan yeni qanunvericilik təşəbbüslərinə dair geniş təqdimat edib.

Sonda konfrans iştirakçılarının mövzu ətrafında sualları cavablandırılaraq, ətraflı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə