Sevinc Həsənova: "Ötən il 430 qadın sahibkara 10 milyon dollardan çox kredit verilib"

Sevinc Həsənova: "Ötən il 430 qadın sahibkara 10 milyon dollardan çox kredit verilib"

"İqtisadi fəal əhalinin 49 faizini məhz qadınlar təşkil edir. Onlar iqtisadiyytın demək olar ki, bütün sahələrində çalışırlar". SİA-nın xəbərinə görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Ombudsmanların XII Bakı Beynəlxalq konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan elmində də qadınların xüsusi rolu var: "Belə ki, doktorantların 49,2 faizi, bütün elmi işçilərin isə 51,2 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olan elmlər doktoru dərəcəsi alan qadınların sayı 1,8 dəfə, fəlsəfə elmləri doktoru dərəcəsi alan qadınların sayı isə 1,6 dəfə artıb. Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini, bu gün isə 16 faizini qadınlar təşkil edir. Bələdiyyə üzvü seçilən qadınların sayı əvvəlki illərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 4 mindən çox olub. Bələdiyyə üzvləri arasında qadınların əsas çəkisi 26 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində isə bu göstərici cəmi 4 faiz təşkil edirdi. Dövlət qulluğunda çalışanlar arasında qadınların payı 28 faiz, sahibkarlar arasında isə 17 faiz artıb".

Nazir müavini həmçinin qeyd edib ki, son dövrlərdə qadınların məşğulluq imkanlarının artırılması, biznesə başlamaq və inkişaf etdirmək üçün onlara yaxşı imkanlar yaradılıb: "Kadrların ixtisaslarının artırılması Proqramı çərçivəsində 173 sahibkardan 30-u qadın olub. O cümlədən keçən il 44 sahibkarın 9-u qadın sahibkar olmaqla Almaniyada ixtisasartırma kursları keçib. Son 10 il ərzində 2 mindən çox qadın sahibkara 50 milyon dollardan çox, o cümlədən ötən il 430 qadın sahibkara 10 milyon dollardan çox kredit verilib".

Daha sonra çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib ki, ölkədə qadınların cəmiyyətin bütün sahələrində fəal iştirak etməsi üçün lazım olan hər cür şərait yaradılıb: "Bununla bağlı qanunvericilik bazası nə qədər güclü olsa da bunu real təcrübəyə daşımaq vacibdir. Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir və bu proqramda qadınların hüquqlarının müdafiəsinə dair müddəalar da yer alır. Azərbaycan bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət ayırır və beynəlxalq konvensiyalara qoşulur".

Bütün xəbərlər Facebook səhifəmizdə