“Azərsu” ASC-nin Kompleks Təlim Planının icrasına başlanılıb

“Azərsu” ASC-nin Kompleks Təlim Planının icrasına başlanılıb

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Regional Təlim-İnkişaf Proqramı-1" layihəsi çərçivəsində Kompleks Təlim Planının icrasına başlanılıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Şamaxıda proqramın açılış mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Daha sonra Şamaxı şəhərində Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib.

Təlimlərin açılış mərasimində çıxış edən Şamaxı rayonu icra hakimiyyətinin başçısı Asif Ağayev bölgələrdə həyata keçirilən içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət etdiyini bildirib: "Son zamanlar regionlarda, o cümlədən Şamaxıda həyata keçirilən içməli su və kanalizasiya layihələrinin icrasında müasir texnologiyalardan və avadanlıqlardan istifadə olunur. Bu baxımdan kadrların bilik və bacarıqlarının yüksəldilməsi əsas şərtdir. Təlimlərin yüksək səviyyədə keçirilməsi üçün iştirakçılara lazımi şərait yaradılacaq".

"Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər görülür: "Hazırda "Azərsu" ASC-nin sifarişi ilə ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin 350-dən artıq kənddə su layihələri həyata keçirilir. Artıq Quba şəhərində işlər başa çatıb və 10 şəhərə yeni mənbədən içməli suyun verilməsi təmin edilib. Bu layihələrin icrası zamanı SCADA sistemləri tətbiq edilir, müasir laboratoriyalar yaradılır, müasir texnoloji avadanlıqlar quraşdırlır. Yeni infrastrukturu idarə etmək üçün peşəkar kadrların hazırlanması prioritet kimi müəyyənləşdirilib. Belə tədbirlər rayon sukanal idarələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına xidmət edəcək".

Sonra Şamaxı, İsmayıllı, Ağsu və Qobustan sukanal idarələrinin əməkdaşlarının cəlb olunduğu təlimlərə start verilib. Təlimlər "Azərsu" ASC-nin müxtəlif fəaliyyət sahələrini əhatə edən peşəkar mütəxəssisləri tərəfindən aparılır. Nəzəri biliklər əldə etməklə yanaşı, avadanlıq və qurğuların iş prinsipi ilə yerində tanış olmaq üçün təlim iştirakçılarının istehsalat sahələrinə səfərləri də təşkil olunur. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsinə də xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə təlim iştirakçılarının bölgənin səfalı yerlərinə ekskursiyaları təşkil ediləcək.

"Regional Təlim-İnkişaf Proqramı-1" çərçivəsində 7 regionda təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlərə Səhmdar Cəmiyyətin "Birləşmiş Sukanal" MMC-nin, bölgələrdə fəaliyyət göstərən digər qurumlarının 8 vəzifə və peşə istiqaməti üzrə (kommersiya qrupu rəhbərləri və mühəndisləri, su kəməri təsərrüfatında nəzarətçilər, mühasiblər, kompyuter operatorları, ustalar, sahə rəisləri, təmirçi çilingərlər, kadrlar üzrə müfəttişlər) 926 işçinin cəlb olunması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə