11 iyun 2014-cü il tarixdə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 ili tamam olur. SİA-nın xəbərinə görə, "Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 252 nömrəli Sərəncamı ilə "Azərsu" ASC yaranıb. Sərəncama əsasən, Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin "Azərsukanaltəmir" və "Azərkəndsutəchizat" istehsalat birlikləri, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyi ləğv edilmiş, onların funksiyaları, tabeliklərində olan müəssisə və təşkilatlar "Azərsu" ASC-yə verilmişdir. Bununla da içməli su təchizatı və kanalizasiya xidmətləti sahəsində fəaliyyət göstərən vahid qurum formalaşdırılıb.
Ötən 10 ildə reallaşdırılanən böyük layihə Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməridir. Bu kəmərin çəkilməsi ideyası ilə ilk dəfə Ulu Öndər Heydər Əliyev çıxış edib və onun rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edilib və yeni su kəmərinin tikintisi üzrə araşdırmalara başlanılıb.
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin aktiv tikinti fazası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. 2007-ci ilin martında təməli qoyulan kəmərin inşası Dövlət Neft Fondundan maliyyələşdirildi. Prezident İlham Əliyev bir neçə dəfə tikinti sahələrinə səfər edərək inşaat işlərini şəxsən nəzarətdə saxlayıb. Layihədə nəzərdə tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşıb və yeni il ərəfəsində kəmərlə nəql olunan su Bakı sakinlərinə çatdırılıb.
Məhz bu kəmərin, eləcə də digər mənbələrin imkanlarından istifadə etməklə bu gün Bakı şəhərində xidmət göstərilən əhalinin 78 faizi fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir.
Regionların, həmçinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı geniş miqyaslı tədbirlər öz əksini tapıb və artıq onların böyük bir hissəsi reallaşdırılıb.
Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə 2035-ci hədəf ilinə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb. 18 bölmədən ibarət sənəd işlənərkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı nəzərə alınmaqla su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, sektorun institusional və normativ bazasının təkmilləşdirilməsi, təmizlənmiş tullantı suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb. Sənədə əsasən, Abşeron yarımadasında 550 km uzunluğunda magistral, 8100 km paylayıcı su xətləri, həcmi 1 milyon 150 min kubmetr olan su anbarları, 150 km tunel tipli kanalizasiya kollektorları, 680 km kanalizasiya kollektorları, 6400 km kanalizasiya şəbəkəsi, 3400 km yağış suları şəbəkəsi, 900 km yağış kollektorları və məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu layihələndirilib.
Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan və 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir. Bu layihənin tərkib hissəsi olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral kəmərinin istismara verilməsi ilə kəmərin keçdiyi ərazilərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb.
Ölkə rəhbərliyinin əhalinin fasiləsiz su təminatı ilə bağlı tapşırığına uyğun olaraq 900-dən artıq binanın daxili su təchizatı sistemləri yenidən qurulmuş, hər bir mənzil smart-kart tipli sayğacla təmin edilib.
Ötən müddətdə görülmüş işlər nəticəsində Abşeron yarımadasında 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılıb.
Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Sumqayıt, Buzovna və Şüvəlan çirkab sutəmizləyici qurğularının, Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi, mövcud kanalizasiya kollektorlarının rekonstruksiyası nəticəsində Xəzər dənizinə təmizlənmədən axıdılan tullantı sularının həcmi əhəmiyyətli dərəcədə azalıb.
Hazırda innovativ texnologiyalardan istifadə edilməklə Xocasən-Binəqədi-Xırdalan, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ, Bayıl-Bibiheybət-Lökbatan və Bilgəh-Pirşağı tunel tipli kanalizasiya kollektorlarının tikintisi davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB