Azərbaycan-Qazaxıstan əməkdaşlığı genişlənir

Azərbaycan-Qazaxıstan əməkdaşlığı genişlənir

Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyunun 5-də qazaxıstanlı həmkarı Vladimir Bojko ilə görüşmüşdür.

Qazaxıstan nümayəndə heyətinin beynəlxalq konfransda fəal iştirakına görə təşəkkürünü bildirən nazir Kəmaləddin Heydərov qeyd etmişdir ki, iki dost ölkə bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də uğurlu əməkdaşlıq edirlər. Bir-birinin nailiyyətinə sevinən iki ölkənin nazirliklərinin strukturları arasında faydalı əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırdan nazir bildirmişdir ki, Azərbaycan tərəfi Xəzər hövzəsinin hər iki sektorunda keçirilən birgə təlimlərdə iştirak etməkdə maraqlıdır.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Qəbələdə keçirilən beynəlxalq konfransın son dərəcə məhsuldar olduğunu, iştirakçılar tərəfindən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində faydalı təkliflər irəli sürüldüyünü diqqətə çatdıran Qazaxıstanın fövqəladə hallar naziri demişdir ki, onun rəhbərlik etdiyi qurum azərbaycanlı həmkarları ilə yüksək informasiya texnologiyalarının tətbiqi, yanğın təhlükəsizliyi və digər sahələrdə daha geniş əməkdaşlıq etməyə hazırdır.

Vladimir Bojko qeyd etmişdir ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin bu cür mötəbər beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirməsi ölkənin böyük iqtisadi potensialının göstəricisidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə