Rüfət Aslanlı: “Azərbaycan kapital bazarı sürətlə inkişaf edir”

Rüfət Aslanlı: “Azərbaycan kapital bazarı sürətlə inkişaf edir”

"Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) instituisional inkişafı" Tvinninq layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, QKDK sədri Rüfət Aslanlı qeyd edib ki, layihə qarşısında qoyulan bütün hədəflərə nail olunub.

R.Aslanlı bildirib ki, Azərbaycan hökuməti maliyyə sektorunun inkişafına xüsusi diqqət ayırır və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir.

Onun sözlərinə görə, layihənin ən mühüm uğuru QKDK-nın kompetensiyalarının keyfiyyətcə yeni səviyyəyə çatdırılmasıdır: "Bu layihə çərçivəsində həyata keçirilən bütün tədbirlər Dövlət Komitəsinin tənzimləmə mühitinə yeni impuls verib. Əgər ötən il Azərbaycanın qiymətli kağızlar bazarının dövriyyəsi 9 milyard manat idisə, bu ilin ilk dörd ayı ərzində bu rəqəm 5 milyard manat olub. Bu layihənin daha bir uğuru Azərbaycanın qiymətli kağızlar bazarının qlobal bazarlara inteqrasiyası üçün zəruri hüquqi bazanın əsaslarının formalaşmasıdır".

Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard qeyd edib ki, tvinninq layihəsi çərçivəsində ekspertlər və iştirakçılar arasında təcrübə mübadiləsi ən uğurlu amillərdən biridir: "Avropa İttifaqı Azərbaycanın iri ticarət tərəfdaşı və ən iri investorlarından biridir. Və mən ümid edirəm ki, bu, Azərbaycanın kapital bazarının inkişafına öz töhfəsini verəcək".

Daha sonra Polşanın Maliyyə Nəzarəti Agentliyindən layihənin rəhbəri İlona Pijinska-Çerni və Agentlik sədrinin müavini Coanna Lipovçani "Layihənin nailiyyətləri" mövzusunda təqdimatla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə