Nazir sabiq prezidentlə görüşüb

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Serbiyanın sabiq prezidenti Boris Tadiç ilə görüşüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə nazir qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrin genişlənməsində Serbiyanın sabiq prezidentinin rolunu qeyd edib.

Şahin Mustafayev ölkəmizin beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu olduğunu vurğulayıb, Azərbaycan-Serbiya əlaqələrinin genişlənməsində hökumətlərarası komissiyanın səmərəli fəaliyyətini diqqətə çatdırıb.

Boris Tadiç Azərbaycana səfərindən, ölkəmizin sosial-iqtisadi inkişafından məmnunluğunu bildirib, Serbiyada iqtisadiyyatın müxtəlif sahələrinə, xüsusilə turizm, daşınmaz əmlak, bank və enerji sektorlarına investisiya qoyuluşu üçün əlverişli imkanların olduğunu qeyd edib. Ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən serbiyalı qonaq mövcud potensialın iqtisadi əlaqələrin daha da genişləndirilməsinə imkan yaratdığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə