Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan və ispaniya arasındakı mövcud əlaqələr və əməkdaşlıq prespektivləri müzakirə edilib.
Nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və İspaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr uğurla davam edir. Qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq üzərində qurulan əlaqələrin genişlənməsində rəsmi səfərlər və keçirilən görüşlər əhəmiyyətli rol oynayır. İspaniya nümayəndə heyətinin Azərbaycana növbəti səfəri də ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək. Azərbaycan və İspaniya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Şahin Mustafayev mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, müqavilə-hüquq bazasının genişləndirilməsi, xüsusilə də investisiyaların təşviqi və qarşılıqlı qorunması sahəsində sazişin imzalanması əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.
Görüşdə Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkəmizin etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşdiiyni, eləcə də ölkəmizdə investorlar üçün şərait yaradıldığını vurğulayıb.
İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallo ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ispaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Xose Manuel Qarsia-Marqallo müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşərək qeyd edib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası ispan iş adamlarının ölkəyə investisya qoyuluşu imkanlarını daha da artırır.
Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və İspaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, infrastruktur, tikinti, bank, İKT, turizm, kənd təsərrüfatı, bərpa olunan enerji və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak edib.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri, o cümlədən İspaniya ilə əlaqlərinin inkişafına önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini bildirib. Qeyd edilib ki, hazırda Azərbaycanda bir sıra ispan şirkətləri uğurla fəaliyyət göstərir, ticarət əlaqələrimiz genişlənir. Əlaqələrin inkişafı baxımından müqavilə-hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edən Şahin Mustafayev İspan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində dünən iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənədin imzalanması istiqamətində investisiyaların təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanması istiqamətində müvafiq işlrin görüldüyünü bildirib.
Şahin Mustafayev Azərbaycan və İspaniya arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımından biznes forum və sərgilərin əhəmiyyətini qeyd edib, bugünkü biznes forumun da iş adamları arasında əlaqələrin inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini vurğulayıb.
İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallo çıxışında hər iki ölkənin iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu qeyd edib, mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığı daha da inkişaf etdirməyin mümkün istiqamətləri varədə məlumat verib. Marqallo İspaniya iqtisadiyyatı barədə də danışıb.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan biznes mühiti və invesitisya imkanlarına dair təqdimatla çıxış edib.
Biznes forum ispan iş adamlarının ölkəmizdə müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşlərinin təşkili ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB