Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 170,4 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,7% və ya 16,5 manat çox əmtəə alıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 42,1%-dən 46,6%-dək yüksəlib.
Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 20,1% artaraq 1 488,8 mln. manata çatıb, əmtəə dövriyyəsi üzrə real artımın 94,1%-i qeyri-ərzaq mallarının satışı hesabına təmin edilib. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulatlarının payı 53,4% təşkil edərək 1 704,5 mln. manata bərabər olub və 2013-cü ilin yanvar-fevral aylarının səviyyəsini 0,9% üstələyib.
Hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 91,0 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 79,4 manatlıq qeyri-ərzaq malları alıb. Ötən ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 14,7 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 1,8 manata bərabər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB