Büdcəyə vergi daxilolmalarının həcmi 10,2% artıb

Büdcəyə vergi daxilolmalarının həcmi 10,2% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 233 621,7 min manat olub. Vergilər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% çoxdur.

Bu məbləğin 35,4%-i mənfəət vergisi, 26%-i əlavə dəyər vergisi, 11,7%-i fiziki şəxslərin gəlir vergisi, 11,5%-i aksizlər, 15,4%-i isə digər vergilərin payına düşür. Qeyri-neft sektoru üzrə büdcəyə 618 613,7 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur.

Bu ilin ilk iki ayında ölkə üzrə 16 768, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% çox vergi ödəyicisi qeydiyyata alınıb. Martın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 552 112 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% çoxdur.

Bu ilin yanvar-fevral ayları ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,1% təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə