“Prezidentin Fərmanı sahibkarlığın inkişafını yeni səviyyəyə qaldıracaqdır” MÜSAHİBƏ

“Prezidentin Fərmanı sahibkarlığın inkişafını yeni səviyyəyə qaldıracaqdır” MÜSAHİBƏ

Son illər Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi islahatlar aparılır, ölkənin dinamik inkişafı üçün uğurlu layihələr həyata keçirilir. Dünyanın bir sıra ölkələrində nəzərəçarpan iqtisadi və maliyyə böhranına baxmayaraq, iqtisadiyyatımız yüksələn xətlə inkişaf edir. Ölkə rəhbərliyinin sosial-iqtisadi nailiyyətlərin artırılmasını daim diqqətdə saxlaması özünü bir sıra sahələrdə, xüsusən də qeyri-neft sektorunun inkişafı və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarda əyani surətdə göstərir. Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə Fərman imzalamışdır. Sənədə əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı olan bir sıra proseduraların sayının və eləcə də müddətinin kəskin azaldılması nəzərdə tutulub. Mütəxəssislər Fərmanın sahibkarlığın inkişafına verəcəyi töhfəni birmənalı şəkildə qeyd edirlər. Bəs sahibkarlar yeni fərmanla bağlı nə fikirləşirlər?

Həmsöhbətimiz Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən "Yaşıl çay" fermer təsərrüfatının rəhbəri Araz Yağubovdur.

- Araz müəllim, Fərmana əsasən Nazirlər Kabineti qarşısında qoyulan tapşırıqlara tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahələrində prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulub. Bir sahibkar kimi bu barədə fikrinizi bilmək maraqlı olardı.

- Əvvəla, onu qeyd edim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə bütün sahələrə xüsusi diqqət və qayğı ilə yanaşır. O cümlədən, özəl sahibkarlıq sektorunun da inkişafı üçün müstəsna əhəmiyyətli addımlar atır və bu gün də atmaqdadır. Sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatının aparılması, birbaşa xarici investisiyalar axınının liberallaşdırılması, yüksək iqtisadi səmərəni, rentabelliyi təmin etməklə gəlirlərin artmasına yardım edəcəkdir. Bütün bunlar həm də təsərrüfatçılıq subyektlərinin işinin və qeydiyyat sisteminin daha artıq dərəcədə şəffaflığına, iqtisadiyyatımızın səmərəli inkişafına şərait yaradır. Yəni, dövlət özəl sektorun inkişafına istənilən səviyyədə dəstək göstərir, bununçün lazımi şərait yaradır. Bu fərman fəaliyyət göstərən sahibkarların fəaliyyətini yeni müstəviyə qaldırmaqla yanaşı, yeni sahibkarlıq subyektlərinin yaranmasına güclü təkan verəcəkdir. Sözügedən sənəddə digər ciddi məqam tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedura və müddətlərin, eləcə də elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, müddət və xərclərin azaldılmasıdır. Bütün bu yeniliklər bir sahibkar kimi, deyərdim ki, işlərimizin sürətlənməsi üçün çox vacib amillərdəndir.

- Fərmana daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərin hazırlanması da daxildir. Bu barədə nə deyə bilərsiniz?

- Bu, çox vacib məqamdır. Cənab Prezidentin tikililərin qeydiyyatı və elektriklə təchizatının asanlaşdırılması ilə bağlı təklifi ürəyimizcə olmuşdur. Bu təklif yeni-yeni müəssisələrin yaranmasına şərait yaratmaqla çoxlu iş yerlərinin açılmasına yardımçı olacaq, əhalinin sosial vəziyyətini yaxşılaşdıracaqdır. Qeyd edilən hər iki sahədə proseduraların və tələb edilən müddətin azaldılması sahibkarlara qısa zamanda elektriklə təmin olunmaq və tikintiyə başlamaq imkanı verəcəkdir. Bir sözlə, müvafiq təşkilatlara get-gəllər minimuma enəcəkdir

- Araz müəllim, fərmanda digər bir məqam kreditlərlə bağlıdır. Qeyd olunur ki, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunmasına dair təkliflər hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunsun. Yəqin elə sahibkar tapılmaz ki, kreditlərin alınmasıyla bağlı müəyyən problemlərlə qarşılaşmasın. Həmçinin siz də...

- Doğru deyirsiniz. Həqiqətən də kreditlərin alınmasıyla bağlı müəyyən problemləri mən də yaşamışam. Lakin son illər ölkə Prezidenti tərəfindən sahibkarlığa dəstək məqsədilə müxtəlif sərəncamlar verilib. Artıq Azərbaycanda həm kiçik, həm orta, həm də iri sahibkarlıq subyektlərinin işləməsi üçün geniş imkanlar açılıb. Hər il dövlət büdcəsi hesabına ölkədə fəaliyyət göstərən iş adamlarına 100 milyonlarla güzəştli kredit verilir. Eyni zamanda, hökumət torpaq vergisi istisna olmaqla, kənd təsərrüfatını digər vergilərdən azad edib. Bütün bu güzəştlər sahibkarların normal işləməsinə şərait yaradır. Düşünürəm ki, yeni fərman ölkə iqtisadiyyatında müsbət tendensiyaları daha da artıracaq. Kreditlərin verilməsinin daha da sadələşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi biz sahibkarların fəaliyyətinin daha da genişlənməsinə birbaşa yardım edəcəkdir. Bu məqsədlə bürokratik əngəllərin aradan qaldırılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi istiqamətində qanunların qəbul edilməsi təsirsiz qalmayacaqdır. Təbii ki, dövlət başçımızın belə güclü iradə nümayiş etdirməsi və qeyri-qanuni halların aradan qaldırılması yönündəki ciddi fəaliyyəti ölkə vətəndaşlarının dərin razılığına səbəb olur. Mən əminəm ki, çox keçməz indiyədək rastlaşdığımız müəyyən neqativ hallar da tezliklə aradan qalxmaqla, gündəmdən çıxmış bir məsələyə çevriləcəkdir.

- Müsahibəyə görə, çox sağ olun! Ümid edirik ki, dövlət başçısının sahibkarlığın inkişafına istiqamətlənmiş yeni Fərmanı bütün iş adamları kimi sizin də rəhbərlik etdiyiniz təsərrüfatın daha da inkişafına və çiçəklənməsinə səbəb olacaqdır.

- Siz də sağ olun.

Qeyd edək ki, cəmiyyətin informasiyalaşdığı bir zamanda bütün prosedurların sadələşdirilməsi vacib şərtlərdəndir. Cənab İlham Əliyevin imzaladığı 3 mart tarixli fərman sahibkarlığa yaşıl işıq yandırmaqla ölkə iqtisadiyyatında qeyri-neft sektorunu daha da inkişaf etdirməyə yönələn mühüm sənəddir.

Müsahibəni qələmə aldı: Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə