QKDK-da MONEYVAL-ın qiymətləndirmə missiyası ilə görüş keçirilib
Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndirmə missiyası ilə görüş keçirilib. Qurumdan SİA-ya verilən xəbərə görə, missiyanın məqsədi MONEYVAL-ın daxili prosedur qaydalarına uyğun olaraq Azərbaycanda maliyyə sisteminin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi (PY/TMM) risklərinə qarşı həssaslığını beynəlxalq standartlar əsasında qiymətləndirməkdən ibarətdir.
Görüşdə çıxış edən QKDK sədri Rüfət Aslanlı missiya üzvlərini salamlayaraq Azərbaycan Hökumətinin MONEYVAL ilə əlaqələrə xüsusi önəm verdiyini və mövcud məhsuldar əməkdaşlıq çərçivəsində ölkədə PY/TMM sisteminin beynəlxalq standartlara uyğun qurulması istiqamətində islahat gündəliyinin hazırlanaraq uğurla icra edildiyini qeyd edib.
R. Aslanlı 2008-ci ildə həyata keçirilən son qiymətləndirmədən sonra müvafiq sahə üzrə effektiv hüquqi normativ bazanın yaradılması, institusional potensialının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Missiya rəhbəri Con Beyker səfər ilə bağlı hazırlıq işlərinin yüksək səviyyədə təşkilinə görə QKDK sədrinə minnətdarlığını bildirib. Con Bayker Azərbaycan ilə MONEYVAL arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək son illərdə ölkədə PY/TMM sahəsində həyata keçirilmiş əhəmiyyətli hüquqi və institusional quruculuq işlərini yaxından izlədiyini vurğulayıb. O, hazırkı qiymətləndirmə çərçivəsində əsas diqqətin mövcud PY/TMM sisteminin effektiv tətbiqi mexanizmlərinə yetiriləcəyini bildirib.
Sonda gələcəkdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində tərəflər arasında ətraflı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB