Bu gün Mərkəzi Bankın İdarə Heyətinin 2013-cü ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. SİA xəbər verir ki, Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ölkənin makroiqitisadi sabitliyi və sosial-iqtisadi inkişafının dayanıqlığına dair qeyd etdiyi məsələləri önə çəkən E.Rüstəmov bildirib ki, ümumilikdə son 10 ildə ölkədə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşıb, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın "inklüziv" inkişafa, sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş verib: "Ölkəmiz adambaşına düşən ümumu daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olub. Dünya İqtisadi Forumuna görə Azərbaycan ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir. Ötən il əlamətdar hadisələrdən biri də Azərbaycanın dünyada 40 rəqabətli ölkə arasında yer alması olub. Dünyanın əksər aparıcı ölkələri hələ də böhran qarşıdurması problemlərini həll etdiyi bir vaxtda, Azərbaycan dayanıqlı inkişafa yönəlmiş yeni strateji vəzifələri həyata keçirir. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşıb. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərir. Ölkədə yüz minlərlə yeni iş yerləri açılmış, regionların sosial-iqtisadi inkişafı sürətlənib".
İqtisadiyyatda şaxələnmə proseslərinə dəstək vermək üçün bank sektorunun maliyyə vasitəçiliyinin, habelə maliyyə infrastrukturunun inkişafını təşviq etməklə Mərkəzi Bank hökumətin iqtisadi siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edib. Bank sektorunda riskləri və izafi hərarətlənməni tənzimləmək üçün maliyyə sabitliyinin idarə olunmasının çevik alətləri tətbiq olunmuş, nəticədə, iqtisadiyyata yeni verilən kreditlər üzrə orta faiz dərəcələri əhəmiyyətli enməyə başlayıb.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasına həsr olunmuş konfransdakı çıxışını xatırladan E.Rüstəmov deyib ki, həqiqətən də son illərdə Azərbaycanın bank sektoru sürətlə inkişaf edib, və bu gün ölkəmiz güclü bank sektoruna malikdir. Onun sözlərinə görə, ümumilikdə ölkə iqtisadiyyatının, xüsusilə də regionların kredit resurslarına və maliyyə xidmətlərinə çıxış imkanlarının sağlam əsasda genişlənməsinə nail olunub: "Mərkəzi Bank ödəniş infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Ölkədə nağdsız və elektron hesablaşmaların həyata keçirilməsinə imkan verən müasir ödəniş infrastrukturunun inkişafı daha geniş miqyas alıb. Ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi təmin edilib, elektron ödənişlərin həcmi ÜDM-in 2 mislini ötüb".
İclasda aparılan müzakirələrdə həmçinin qeyd edilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları hesabat ilində 21% artaraq 14,2 mlrd. ABŞ dollarına çatıb. Ölkənin tədiyə balansında iri həcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklifin tələbi üstələdiyi şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən 2,5 mlrd. ABŞ dollarına yaxın həcmdə alışyönlü valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə, dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsinin sabitliyi qorunub.
Qlobal müstəvidə iqtisadi güc mərkəzlərinin tədricən dəyişməsi, o cümlədən inkişaf etmiş maliyyə bazarlarında davam edən aşağı gəlirlilik şəraitində Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsinin səmərəliliyinin artırılması üçün ehtiyatların valyuta, alət və coğrafi diversifikasiyasının genişləndirilməsi məqsədilə yeni strategiya formalaşdırılıb.
Mərkəzi Bankda strateji plan çərçivəsində institusional inkişafın sürətlənməsinə yönəlmiş 40-a yaxın müxtəlif layihələr həyata keçirilib. Bankın fəaliyyətinin bütün istiqamətlərinin modernləşdirilməsi üzrə intensiv iş aparılıb. Bankın institusional inkişaf prosesi sürətlənib, insan resurslarının inkişafına diqqət artırılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib.
İclasın yekununda ümumilikdə 2013-cü ilin nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov 2014-cü il üçün Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. O bildirib ki, ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında aktiv iştirak edən dövlət institutu kimi Mərkəzi Bank 2014-cü ildə də cənab Prezidentin qarşıya qoyduğu sosial-iqrtisadi inkişaf hədəflərinin realizasiyasında fəal iştirak edəcək, "Sənaye ili"ndə iqtisadiyyatın şaxələnməsi, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcək: "Təkrəqəmli aşağı inflyasiyanın makroiqtisadi siyasətin məqbul hədəfi olmasını nəzərə alaraq, Mərkəzi Bank hökumətin inflyasiya üzrə proqnozlarının gerçəkləşməsinə pul siyasəti vasitəsilə zəruri dəstək verəcək. Bunun üçün sərəncamında olan tənzimləmə alətlərindən istifadə edərək baza inflyasiyaya təsir göstərəcək. Mərkəzi Bank inflyasiyanın daha çevik idarə olunmasına imkan verən pul siyasəti rejiminin tətbiqi şərtlərinin reallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək. Orta müddətli dövrdə bu şərtlərin tədricən həyata keçməsi daha çevik məzənnə rejiminin tətbiqi imkanlarını artıracaq. Bütövlükdə, Mərkəzi Bank 2014-cü ildə pul siyasətini iqtisadi artım və qiymət sabitliyi arasında effektiv şəkildə tarazlaşdırmağa çalışacaq, habelə maliyyə sektorunun hərarətini tənzimləyəcək. Bununla belə, inflyasiyanın səviyyəsi ən başlıca hədəf kimi çıxış edəcək. Son qlobal meyillərə uyğun olaraq pul siyasəti və makroprudensial siyasətin sinxronlaşması təmin olunacaq. Mərkəzi Bank növbəti ildə bank sisteminin sabitliyi, riskyönümlü bank nəzarətinin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək, bank-maliyyə sektorunun dərinliyinin artması, sektora çıxış imkanlarının təşviqi məsələlərini diqqətdə saxlayacaq. Bununla da Prezidentin son çağırışına uyğun olaraq real sektorun maliyyələşdirilməsində bank sektorunun iştirakının daha da genişləndirilməsinə nail olmalıyıq".
Sədr qeyd edib ki, cari ildə nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, ipoteka mexanizminin inkişafı Mərkəzi Bankın fəaliyyətinin mühüm prioritetlərindən olacaq: "Hökumət Ödəniş Portalı"na dövlət qurumlarının inteqrasiyası istiqamətində işlər davam etdiriləcək. Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunacaq, innovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirləri davam etdiriləcək. Elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması işlərinə başlanacaq".
Çıxışının sonunda E.Rüstəmov mövcud Strateji Plan üzrə çoxsaylı layihələrin və işlərin uğurla yekunlaşması üçün bütün resurslardan səmərəli istifadə edilməsini, eyni zamanda yeni streji dövr üçün əsas prioritetlərin müəyyən olunmasını xüsusi qeyd edib. Bununla bağlı qarşıda duran hədəflərin reallaşmasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB