106 istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilib

106 istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilib

"Oğuz Elektrik Şəbəkəsi"nin (EŞ) fəaliyyətini sağlamlaşdırmaq, elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq və iqtisadiyyatın elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədi ilə mühüm işlər görülüb. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, ötən ilin son üç ayı ərzində 10 kV-lik "Xaçmaz", "ATS" EVX-də və Xaçmaz, Böyük Söyüdlü, Qumlax kəndlərində 0,4 kV-lik xətlərin ümumilikdə iki kilometrə yaxını təmir olunub. O cümlədən ötən ilin son üç ayında ümumi gücü 1,2 MVA-dan artıq olan 9 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Hazırda bu proses tədbirlər planına uyğun davam etdirilir. Belə ki, xətlər dəyişdirilir, köhnə dayaqlar yenisi ilə əvəz olunur, xətlərin keçdiyi ərazi yaşıl kütlədən təmizlənir, transformatorlar təmir edilir.

Onu da qeyd edək ki, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində görülən zəruri tədbirlər istismar səviyyəsini yüksəldib, bir çox enerji təchizatı problemlərini aradan qaldırıb. İstehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək və qeyd olunub ki, 2013-cü il ərzində müəssisə üzrə ümumi istehlak 69 milyon kilovatsaata yaxın, o cümlədən dekabr ayında isə 5,9 milyon kilovatsaatdan artıq olub. Nəticədə 2012-ci ilin eyni dövrü ilə müqayisədə ümumi istehlak 5 milyon kilovatsaata, ödəniş isə mütləq 6 faizə yaxın artıb. O cümlədən, dekabr ayında isə istehlak 2012-ci ilin eyni dövrü ilə müqayisədə 230 min kilovatsaata yaxın artıb, ödənişdə mütləq artım isə 6 faizdən çox olub. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə daimi əhali istehlakçıları üzrə istehlak 2013-cü ildə 258 min kilovatsaata yaxın artaraq 12 milyon kilovatsaatdan artıq, ödənişdə mütləq artım isə 11 faizdən çox olub. 2013-cü ilin dekabr ayında isə bu göstəricilər müvafiq olaraq 388 min kilovatsaata yaxın, 1,4 milyon kilovatsaatdan artıq və 12 faizə yaxın olub.

Enerji obyektindən bildirilib ki, istehlak olunmuş elektrik enerjisinin haqqının tam həcmdə ödənilməsinin təmin edilməsi dövlət əhəmiyyətli məsələ olduğundan bu istiqamətdə daha yaxşı nəticələrin əldə olunmasına səy göstərilir.

Ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 106 istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilib. Qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 319,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 19,1 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 92 faizə yaxın hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə