Ötən il Vergilər Nazirliyinin xidmət mərkəzlərinin sayı 40-a çatıb
2013-cü il ərzində vergi ödəyicilərinə göstərilən bütün xidmətləri, onların göstərilməsi meyarlarını, həmin xidmətlərin göstərilməsi həyata keçirilən yerlərə və xidməti göstərən vergi orqanı əməkdaşının davranış və ünsiyyətinə dair ümumi tələb və normaları müəyyən etmək məqsədilə "Vergi ödəyicilərinə xidmətlərin vahid standartları" hazırlanıb, vergilər nazirinin əmri ilə təsdiq olunmuş və bu sənəddə vergi ödəyicilərinə 124 adda xidmətlərin göstərilməsi müəyyən edilib.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də hüquqi və fiziki şəxslərə sertifikat xidmətlərinin göstərilməsi ilə bağlı 2013-cü ilin may ayından Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) fəaliyyətə başlayıb. ASXM tərəfindən göstərilən xidmətlər, Asan (Mobil) İmza sertifikatı barədə məlumatlandırma tədbirləri həyata keçirilib, sertifikatın alınması üçün zəruri sənədlər Nazirliyin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilib. Hesabat ilinin sonunadək vətəndaşlar tərəfindən Asan (Mobil) İmza sertifikat xidmətləri üzrə 11805 müraciət olub, ümumilikdə 22423 Asan (Mobil) İmza sertifikatı verilib.
Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və göstərilən xidmətlərin çeşidinin artırılması məqsədi ilə vergilər nazirinin əmri ilə "Vergi ödəyicilərinə xidmət mərkəzində vergi ödəyicilərinin qəbulu və xidmətin təşkili Qaydaları" təsdiq edilib, xidmət mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi və təhlili meyarları müəyyən edilib.
Vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı məqsədilə yaradılan xidmət mərkəzlərinin sayı 40-a çatıb. Bu mərkəzlərdə göstərilən xidmətlərin səviyyəsinin dəyərləndirilməsi üçün vətəndaşlara sorğuda iştirak etmək, rəy və təkliflərini bildirmək, eləcə də mərkəzin fəaliyyəti ilə bağlı hər hansı bir narazılıq olduqda Mərkəzdən çıxmadan Vergilər Nazirliyinə birbaşa müraciət etmək imkanı yaradılıb. 2013-cü il ərzində göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi ödəyicilərinə xidmət mərkəzlərinin Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS) inteqrasiyası başa çatdırılıb, xidmət mərkəzlərinin hamısı AVİS sisteminə qoşulub və sürətli internet xətti ilə təchiz olunub.
Vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işini genişləndirmək, "vergi" məfhumunu ölkəmizin bütün ərazisinə, xüsusilə Ərazi Vergilər Departamentlərinin və İdarələrinin, Rayon Vergi Şöbələrinin yerləşdiyi şəhər və rayon mərkəzlərinin əhatəsindən kənarda olan kənd və qəsəbələrə, hər bir ailəyə çatdırmaq, bununla da vətəndaşlarda vergi mədəniyyətini formalaşdırmaq məqsədilə "Vergi Dostları" Layihəsi çərçivəsində 2013-cü il ərzində 1405 nəfər "Vergi Dostları" şəbəkəsinə cəlb olunub, bununla da Ərazi Vergilər Departamenti və İdarələrinin, Rayon Vergi Şöbələrinin əhatə dairəsinə daxil olan 53 rayon üzrə ümumtəhsil məktəblərinin müəllimlərindən 1541 nəfər "Vergi Dostları" şəbəkəsinə cəlb olunub. 2013-cü il ərzində respublika üzrə mənfəət və gəlir vergisi bəyannaməsini təqdim etməli olan 15208 vergi ödəyicisinin 95,7%-i bəyannamələri vaxtında təqdim edib, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan illik vergi bəyannaməsini vaxtında təqdim etmiş vergi ödəyicilərinin xüsusi çəkisi 96,2% təşkil edib. Ümumilikdə 2013-cü il ərzində bəyannamələrin 92,8%-i elektron qaydada təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB