Azərbaycanla Macarıstan arasında Protokol imzalanıb

Azərbaycanla Macarıstan arasında Protokol imzalanıb

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib. SİA xəbər verir ki, Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Komissiyanın iclasında Xarici İşlər, Energetika, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Təhsil, Səhiyyə, Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirliklərinin, Dövlət Mülki Aviasiya Administrasiyasının, Mərkəzi Bankın, "Azərsu" ASC-nin, ARDNŞ-in yüksək vəzifəli rəsmiləri iştirak ediblər. Macarıstan tərəfi isə iclasda bu ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

İclasda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycan və Macarıstanın dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında qarşılıqlı anlaşma, hörmət və etibar üzərində qurulmuş əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb. Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın əvvəlki – üçüncü iclasından ötən dövrdə görülən işlərlə bağlı məlumat verən Şahin Mustafayev Azərbaycanın Şuşa və Macarıstanın Döndöş şəhərlərinin qardaşlaşması haqqında birgə bəyannamə, Naxçıvan və Budapeştin ali təhsil müəssisələri arasında əməkdaşlığa dair saziş, hava nəqliyyatı və su təsərrüfatı sahəsində müvafiq sənədlərin imzalandığını qeyd edib: "Bununla belə, müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Artıq turizm, rabitə və informasiya texnologiyaları, təhsil və baytarlıq sahəsində sahələrarası sənədlər imzalanmağa hazırdır, nəqliyyat, elm və innovasiya, səhiyyə, gənclər və idman sahəsində bir sıra ikitərəfli sənədlər isə müzakirə mərhələsindədir. Ölkələrimiz arasında səhiyyə, turizm, mədəniyyət, gənclər və idman sahəsində əlaqələr daha da genişlənib. Bakıda Macarıstan Ticarət Evinin açılması iqtisadi-ticarət əlaqələrinin inkişafına əhəmiyyətli töhfədir. Humanitar sahədə əməkdaşlığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bu ilin əvvəlində Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlanması humanitar sahədə əməkdaşlığa gözəl nümunədir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinin siyahısına Macarıstanın 10 universiteti də daxil edilib. Əldə olunmuş razılaşmaya əsasən, Macarıstan tərəfi hər il Azərbaycana 200 təqaüd ayırmaq niyyətindədir. Bununla belə, bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur. Kənd təsərrüfatı və qida sənayesi, rabitə və informasiya texnologiyaları sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün yaradılmış işçi qruplar səmərəli fəaliyyət göstərir".

Şahin Mustafayev ikirərəfli əməkdaşlığın yeni istiqaməti kimi ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi məqsədilə Macarıstan təcrübəsinin öyrənilməsini, birgə damazlıq təsərrüfatının yaradılmasını məqsədəuyğun hesab edib, Azərbaycan və Macarıstan arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyarto çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Hazırda Macarıstan və Azərbaycan kənd təsərrüfatı, hava nəqliyyatı, əczaçılıq, təhsil, su təsərrüfatı sahəsində uğurla əməkdaşlıq edir. Peter Siyarto humanitar sahədə Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlandığını bildirib və buna görə Fonda təşəkkür edib. Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi İKT və tikinti sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu da diqqətə çatdırıb. Qeyd edilib ki, Bakıda Macarıstan Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır. Peter Siyarto Macarıstanda da analoji mərkəzin yaradılmasının ikitərəfli əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olacağını qeyd edib.

İclasda müxtəlif sahələrə dair müzakirələr aparılıb.

Sonda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto imzalayıblar. Sənədə əsasən, iki ölkə arasında ticarət, iqtisadiyyat, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, turizm, su təsərrüfatı, təhsil, birbaşa uçuşların həyata keçirilməsi, mədəniyyət, ekologiya, gənclər, idman və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi, daha da genişləndirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə