"İpoteka kreditlərinin verilməsi ilə bağlı konkret tədbirlər həyata keçirilir" Açıqlama
"Hər zaman dövlət büdcəsini müzakirə edən zaman sosial məsələləri ön plana çəkmişik. Dünyada maliyyə böhranı hökm sürür və mərkəzdə də sosial proqramlar dayanır. Azərbaycanın 2014-cü il üçün qəbul edilən dövlət büdcəsində nəzərdə tutulur ki, bütün sosial sahələr üzrə büdcə xərcləri daha da artırılsın. Ehtiyac meyarı və yaşayış minimunun artırılması da bu sahədə atılan uğurlu addımlardan biridir". Bu fikirləri SİA-ya açıqlamasında Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışarkən deyib.
Onun sözlərinə görə, gələcəkdə əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün bir sıra vacib işlər görüləcək: "Hətta Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qeyd etmişdi ki, sosial sahədə uğurlarımız çox böyükdür, lakin bu işlər gələcəkdə də davam etdirilməlidir. Çünki buna böyük ehtiyac var. Dövlət başçısının "buna böyük ehtiyac var" kəlməsini işlətməsi onu göstərir ki, gələcəkdə Azərbaycanda həm yaşayış minimumu artacaq, həm də istehlak sərvətinin strukturunu təkmilləşdirmək üçün əlavə vəsaitlər ayrılacaq. Qeyd edim ki, bir müddət əvvəl Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb. Qanuna əsasən, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar və uşaqlar üçün 103 manat məbləğində müəyyən edilir. Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanununun tətbiqi barədə sərəncam imzalayıb. Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilir".
İpoteka kreditlərinə də toxunan komitə sədri bildirib ki, ipoteka kreditləri şərtlərinin sadələşdirilməsi Mərkəzi Bank və hökumətin birgə qəbul edəcəyi qərarla əlaqəlidir: "Kreditlərin götürülməsi zamanı ilkin ödənişlərin azaldılması, müddətin uzadılması, xüsusilə də gənc ailələrə bu sahədə kreditlərin verilməsi ilə bağlı konkret tədbirlər həyata keçirilir. Əminəm ki, əlavə olunan düzəlişlər yaxın zamanlarda qanunlarda öz əksini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB