DSMF-da “Açıq qapı” günü-vətəndaş forumu keçirilib

Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) "Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" mövzusunda "Açıq qapı" günü-vətəndaş forumu keçirilib. SİA-ya verilən məlumata görə, DSMF sədri Elman Mehdiyev vurğulayıb ki, tədbir Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq həyata keçirilir. Fond sədrinin sözlərinə görə, burada əsas məqsəd ictimaiyyəti DSMF-nin fəaliyyəti, qurulan müasir avtomatlaşdırılan idarəetmə sistemi ilə yaxından tanış etmək, Fondun həyata keçirdiyi elektron xidmətlər barədə ətraflı məlumat verməkdir.

E.Mehdiyev bildirib ki, son dövrlər DSMF-nin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb, şöbələr üçün yeni inzibati binalar tikilib, hər bir şöbədə lokal şəbəkələr yaradılıb, bu şəbəkələr fiber-optik kanallarla mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb: "Hazırda Azərbaycanın sığorta-pensiya sistemi müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərir. İnformasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF-nin mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədəri barədə elektron məlumatlar toplanılıb. Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 21-ə çatdırılıb. "Elektron hökumət" portalının statistikasına əsasən, Fondun təklif etdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir. Bu ilin ötən dövrü ərzində DSMF-nin təkcə "Elektron hökumət" portalına inteqrasiya olunan elektron xidmətlərindən 119 minə yaxın istifadəçi yararlanıb. Cari ilin iyul ayından etibarən isə beynəlxalq praktikada ilk dəfə Azərbaycanda əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyini edilib. Sistemin tətbiq olunduğu qısa müddət ərzində 1 067 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb".

DSMF-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsini icra edən Sabir Qocayev Fondun "Elektron hökumət" portalında (e-gov.az) və Fondun rəsmi internet səhifəsində (www.sspf.gov.az/eservices və www.dsmf.gov.az/eservices) interaktiv və informativ elektron xidmətlərlə bağlı təqdimatla çıxış edib. Tədbir iştirakçılarına həm interaktiv xidmətlər, həm də informativ elektron xidmətlər, onlardan istifadə qaydaları nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları DSMF-nin Fərdi uçotun təşkili şöbəsində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi işləri ilə yerində tanış olublar. Burada təqdimatla çıxış edən Fərdi uçotun təşkili şöbəsinin müdiri vəzifəsini icra edən Nigar Pənahova bildirib ki hazırda 2 milyon 630 min nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb. Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malik olan "Sığortaolunanlara məlumatların verilməsi" adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər. Bu islahat tədbirləri sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə imkan verir.

Tədbir çərçivəsində "190" nömrəli telefon məlumat xidmətinin, eləcə də pensiyaların avtomatlaşmış qaydada təyinatı məqsədilə yaradılan xüsusi "Çağrı Mərkəzi"nin (190-0) fəaliyyəti barədə məlumat verilib, Fondun Aparatının müvafiq şöbə müdirləri və mütəxəssisləri tərəfindən avromatlaşdırılmış pensiya təyinatı, pensiyaların ödənişi və uçotu sahəsində elektron sənəd mübadiləsinin tətbiqi istiqamətində maarifləndirici təqdimatlar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...