Elman Mehdiyev: "Bəzi ekspertlər bu məsələni lazımı araşdırmalar aparmadan şərh edirlər"
"Tədqiqatların nəticələrinə diqqət etsək, Fond bu gün sosial sığorta ilə əlaqəsi olan bütün xərcləri məhz məcburi dövlət sosial sığorta daxilolmaları, yəni özünəməxsus vəsaitləri hesabına maliyyələşdirir". SİA-nın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Fondun özünü maliyyələşdirmə əsasında fəaliyyət göstərməli olması barədə ayrı-ayrı ekspertlərin fikirlərinə münasibət bildirərkən belə deyib.
DSMF sədrinin sözlərinə görə, Azərbaycanda həyata keçirilən pensiya islahatlarının mühüm cəhəti əvvəlki sistemlə əhatə olunub, yəni sığortaolunanların fərdi uçotu sisteminin iştirakçısı olmayan insanların da davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə tam inteqrasiyasıdır: "Bu məqsədlə həmin şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılıb, onlar pensiyaların baza və sığorta hissəsi ilə təmin edilib, artım və indeksləşdirmənin yeni qaydaları ilə əhatə olunublar: "Digər tərəfdən, əvvəllər pensiyaya çıxmış şəxslərin pensiyaları ölkə üzrə ən yüksək orta aylıq əməkhaqqı nisbətinə uyğun olaraq əvəzsiz sığorta kapitalı müəyyənləşdirilməklə yenidən hesablanıb. Bu proses hazırda yeni sistemdə pensiya təyinatı üçün müraciət edən şəxslərin əvvəlki dövrə aid iş stajlarına da şamil edilir. Bütün bunların, həmçinin bir sıra vəzifələrdə qulluq etmiş şəxslərə verilən qulluq stajına görə əmək pensiyasına əlavələrin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olub".
E.Mehdiyev bildirib ki, pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan qeyd olunan dövlət öhdəliklərinin maliyyə yükü hazırda 1,3 milyard manata yaxındır: "2014-cü ildə dövlət büdcəsinin transfertinin həcmi isə bundan aşağı məbləğdə - 1,14 milyard manat nəzərdə tutulur, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir. Təəssüf ki, bəzi ekspertlər bu məsələni lazımı araşdırmalar aparmadan şərh edirlər. Fond tərəfindən dəfələrlə aydınlıq gətirilməsinə baxmayaraq, dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı bəzi hallarda yanlış olaraq sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi təqdim olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB