" "Şahdəniz 2" Avropanın ən mühüm layihəsidir" Münasibət

"Azərbaycan enerji sahəsində daha bir strateji layihəyə imza atdı. Həmin imzalanma mərasimində Avropa İttifaqına üzv olan dövlətlər də iştirak edirdi, çünki "Şahdəniz 2" Avropanın ən mühüm layihəsi idi. Layihənin nəticəsi ilə əməli şəkildə sübut etdik ki, Azərbaycan müstəqil şəkildə öz siyasətini yeridə bilir. Bununla da bir daha sübut etmiş olduq ki, Azərbaycan bütün dövlətlər və beynəlxalq qurumlarla bərabər əsasda əməkdaşlıq edir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Şahdəniz 2" layihəsinin yekun investisiya sazişinin imzalanmasının əhəmiyyətindən danışarkən deyib.

O bildirib ki, Avropaya inteqrasiya sözdə yox, əməldə olmalıdır: "İndiyədək Avropa İttifaqı ilə ölkəmizin 30 milyard dollar civarında iqtisadi əlaqələri var. "Şərq tərəfdaşlığı" proqramının üzvü olan digər beş dövlətin birlikdə Aİ ilə bu qədər ticarət dövriyyəsi yoxdur. Azərbaycan Aİ ilə əməkdaşlığı konkret fəaliyyətində özünü nümayiş etdirir. "Şahdəniz-2" layihəsinə dair 45 milyard dollarlıq investisiya tutumu olan sazişin imzalanması da buna bariz nümunədir".

Qeyd edək ki, dünən Bakıda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı imzalanıb. "Şahdəniz-2" layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2018-ci ildə gözlənilir. "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Azərbaycan qazının Avropaya çatması 2019-cu ildə mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə