Vüqar Bayramlı: “Azərbaycanda yüksək məbləğli ödənişlərin nağd köçürülməsi qadağan olunmalıdır”

Vüqar Bayramlı: “Azərbaycanda yüksək məbləğli ödənişlərin nağd köçürülməsi qadağan olunmalıdır”

"Ölkəmizdə qeyri-nağd ödənişlər sisteminin inkişafı olduqca vacibdir. Bütövlükdə bu sistem sahibkarların vergidən yayınmasının qarşısı alır. Çünki ödənişlər nağdsız olduqda həmin vəsaitin hərəkətini izləməyə imkan verir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı bildirib.

Onun sözlərinə görə, vergi intizamının gücləndirilməsi, vergidən yayınmanın qarşısının alınması baxımdan da nağdsız ödənişlərin tətbiq olunması olduqca vacibdir: "Nağdsız ödənişlər vasitəsilə pul dövriyyəsinin tənzimlənməsi baş verir. Bu hesablaşmaların payının azalmasının səbəbi vətəndaşların nağdsız ödənişlərə inamının az olması ilə bağlıdır. Nağdsız ödəniş sisteminə və bank sektoruna inamın formalaşması üçün zamana ehtiyac var. Qısa zamanda bütün kütlənin plastik kartlardan istifadəsi mümkünsüzdür. Psixoloji olaraq insanlar banklara inanmır. Çünki uzun zaman Azərbaycanda və MDB ölkələrində plastik kartlardan istifadə olunmayıb. Plastik kartlardan istifadə ilə bağlı həm çərçivə və konkret davranış, həm də bütün satış məntəqələrində terminallar yoxdur. Bu zaman vətəndaş məcburi olaraq nağd ödəniş edir. Bu isə plastik kartlardan istifadəni azaldır. Nağdsız ödənişlərə inamın artması ilə bağlı insanların maarifləndirilməsinə ehtiyac var".

İqtisadçı-ekspert bildirib ki, nağdsız ödəniş sisteminin tətbiqində yaranan problemlərdən biri də budur ki, bir sıra böyük satış obyektlərində posterminallar olsa da belə, istifadə üçün kadrlar çatışmır.

Vüqar Bayramov qeyd edib ki, bu baxımdan vətəndaşları maarifləndirməklə yanaşı eyni zamanda, xidmət obyektlərində çalışan işçilər arasında təlimlərin keçirilməsi vacibdir: "Çünki, bəzən bir sıra mağazalarda plastik kartlardan istifadə zamanı lazım olandan artıq pul çəkilir və vətəndaş aldadılır. Nağdsız hesablaşmalarla bağlı 2012-ci ilin yekunlarına diqqət yetirsək vətəndaşların plastik kartlarla bağlı inamının formalaşması müşahidə edilib. Orta hesabla hər iki nəfərdən birinə bir plastik kart düşür. Bütün satış və xidmət obyektlərində posterminalların quraşdırılması prosesinin 2013-cü ilin sonuna kimi başa çatmalıdır ki, vətəndaşlar bu qurğulardan daimi olaraq istifadə edə bilsinlər. Bundan başqa, inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da yüksək məbləğli ödənişlərin nağd ödənilməsinə qadağa qoyulmalıdır. Ölkəmizdə isə bu qadağa min manatdan yuxarı ödənişlərə tətbiq edilə bilər. Bu baxımdan nağd ödənişlərə limitlər müəyyənləşdirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə