Yüksək Texnologiyalar Parkının ilkin konsepsiyası hazırlanıb

Azərbaycanda yeni Yüksək Texnologiyalar Parkının salınması planlaşdırılıb.

Park Pirallahı rayonunda 50 hektar ərazidə yaradılacaq. Parkın idarə olunması Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında yaradılmış "Yüksək Texnologiyalar Parkı"- YT Park" MMC-yə həvalə olunub.

MMC-nin direktor müavini Cəlal Rəhimov bildirib ki, "YT Parkı"nın ilkin konsepsiyayası hazırlanıb.

Qeyd olunub ki, parkın son dizayn-layihələndirilməsini keçiriləcək tenderin qalibi işləyib hazırlayacaqdır. Hazırda isə Parkın biznes planını daha mükəmməl hazırlamaq üçün dünyanın tanınmış məsləhətçi şirkətləri ilə görüşlər keçirilir. Eyni zamanda, dizayn-layihələndirilməsi, sahənin master-planı üzrə işləri görəcək şirkəti seçmək məqsədilə ilkin müsabiqə elan edilib. Təxminən 2014-cü ilin may-iyun aylarında tender elan olunacaq.

Cəlal Rəhimov vurğulayıb ki, ərazidə Yüksək Texnologiyalar Parkının inzibati binası, inkubasiya mərkəzi, kiçik, orta və iri şirkətlərin ofisləri tikiləcək.

Bundan əlavə, Yüksək Texnologiyalar Parkının yerləşəcəyi ərazi şəhərdən 60 kilometrədək uzaqda olduğundan şirkətlərin əməkdaşlarının yaşayıb işləmələri üçün onlara lazımi şəraitin yaradılması nəzərdə tutulub. Ərazinin yaxınlığında yaşayış və sosial təyinatlı binalar tikiləcək.

Yüksək Texnologiyalar Parkında 8 min nəfər üçün iş yerinin açılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...