Murtuzəli Hacıyev: “Aqrar sahədə qiymət artımından söhbət gedə bilməz”

Murtuzəli Hacıyev: “Aqrar sahədə qiymət artımından söhbət gedə bilməz”

"Fəaliyyət göstərən aqro-sektor müəssisələrinin fermerlərə göstərdikləri xidmətin tariflərində heç bir dəyişiklik yoxdur". SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev belə deyib.

Onun sözlərinə görə, bu sahədə qiymət artımları nəzərə çarpmır: "Məsələn, əgər texnika 1 hektar ərazini 7 manata şumlayırsa, o qiymətə yenə də şumlayır. Burada qiymət və tarif artımlarından söhbət gedə bilməz. Bu haqda deyə bilərəm ki, heç bir qiymət artımı olmayacaq. Kənd Təsərrüfatına dövlət tərəfindən əvəzsiz yardımlar göstərilir. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına toxum, gübrə, yanacaq ayrılır, onlara güzəştli kreditlər verilir. Bununla yanaşı kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır".

Murtuzəli Hacıyev bildirib ki, istehsal olunan kənd təsərrüfatı məhsullarında da heç bir qiymət artımı olmayacaq: "Bu barədə də qiymət artımından söhbət belə gedə bilməz. Lakin dizelin bahalaşması daşınma xərclərinə bir qədər təsir göstərəcək. Tarif dəyişikliyindən sonra kənd təsərrüfatı məhsullarının qiymətində dizel yanacağının xüsusi çəkisi 4,7%, dövlət büdcəsindən ayrılan subsidiya isə 1,8% təşkil edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə