Bakıda VI Azərbaycan-Avstriya Biznes Forumu keçirilib

Bakıda VI Azərbaycan-Avstriya Biznes Forumu keçirilib

Bu gün Bakıda VI Azərbaycan-Avstriya Biznes Forumu keçirilib. SİA-nın xəbərinə görə, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə baş tutan forumda hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, sənaye, maşınqayırma, tikinti, qida sənayesi, qablaşdırma, logistika və digər sahələrdə fəaliyyət göstərən 130 nəfər iş adamı iştirak edib.

Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan-Avstriya iqtisadi ticarət əlaqələri barədə məlumat verib. Azərbaycanın rəqabətə dayanıqlı ölkə olduğunu deyən rəsmi bildirib ki, bu özünü ölkəyə qoyulan investisiyaların həcmində göstərir: "Azərbaycan şirkətləri artıq xarici ölkələrdə də öz məhsulları ilə rəqabətə davam gətirmək mərhələsindədirlər. Azərbaycanla Avstriya arasında ticarət sahəsində yaxşı dinamika var. Belə ki, cari ilin 9 ayı ərzində bizim ticarət dövriyyəmiz 94% artıb. Bu çox gözəl göstəricidir və konkret görülən işlərin nəticəsidir. Biz Avstriya şirkətlərinin qeyri-neft sektoru sahəsində, xüsusilə də kimya sənayesində, qida və yüksək sənaye sahələrində də iştirak etmələrini istəyirik".

Forumda çıxış edən Avstriyanın Azərbaycandakı səfiri Silvia Meyer Kaybiç iki ölkə arasında inkişaf edən əlaqələr barədə məlumat verib. O bildirib ki, keçirilən bu kimi forumlarda hər iki ölkənin şirkətləri fərdi şəkildə əlaqələr qurmalı, mövcud potensialdan istifadə etməklə gələcək hədəfləri reallığa çevirməlidirlər.

Forumda Avstraliyanın 19 şirkətinin nümayəndəsinin iştirak etdiyini deyən Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şents bildirib ki, Vyana Azərbaycanla qurulan və hazırda davam edən əlaqələrə ciddi yanaşır: "Təmsil etdiyim ölkə sənaye sahəsində yüksək səviyyədə inkişaf etmiş dövlətlər sırasındadır. Avstriyanın müvafiq şirkətləri Azərbaycanın qış turizminin yaradılmasına öz töhfələrini veriblər. Ticarət dövriyyəsinə nəzər yetirdikdə isə Azərbaycan ixracatının üstünlük təşkil etdiyini görərik. 2013-cü ilin ticarət dövriyyəsi barədə fikirlərimiz müsbətdir".

Tədbirdə Azərbaycan və Avstriyanın biznes imkanlarını nümayiş etdirən video-çarx izlənilib, iş adamları arasında işgüzar əlaqələr müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə