Rövnəq Abdullayev: Biz məhsullarımızın keyfiyyətini artırmaqda davam edirik

ARDNŞ benzinin qiymətinin artmasını normal proses hesab edir. SİA-nın məlumatına görə, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib: "Bu, normal prosesdir. 2007-ci ildən qiymətlər dəyişməyib".

Onun sözlərinə görə, bu dövlət büdcəsinə daxilolmaların artırılmasına öz töhfəsini verəcək ki, sosial yönümlü layihələrin həyata keçirilməsi imkanlarını artıracaq: "Biz məhsullarımızın keyfiyyətini artırmaqda davam edirik, dizel yanacağı artıq yüksək standartlara uyğundur, benzin üzrə Avro-3 keçməyə imkanlar var".

Onun sözlərinə görə, Aİ-98 markalı benzin dünya qiymətləri ilə satılır, Aİ-95 də dünya qiymətləri ilə satıla bilər: "Başa düşmək olar ki, niyə yanacaq və Aİ-92 kənd təsərrüfatı istehsalçılarına ucuz satılır, lakin dövlət bahalı avtomobillər üçün benzin satışını subsidiyalaşdıra bilməz".

Xatırladaq ki, Tarif (qiymət) Şurasının iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının satışı tariflərinə dair müraciətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə