“Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər"
Bu gün "Bakutel-2013" 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində "Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər (Global Cyber Security Cooperation: Challenges and Visions)" mövzusunda konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbir informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Dünya Bankı (DB) , Dünya İqtisadi Forumu (DİF) və "İNTERPOL"un dəstəyi, "HP" şirkətinin sponsorluğu ilə Azərbaycan Hökuməti tərəfindən təşkil edilib.
Konfransın açılışında çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, tədbir kibertəhlükəsizlik mövzusunun bütün aspektləri üzrə müzakirələrə yönəlib: "Tədbir, həmçinin internet məkanında əhəmiyyətli informasiyaların qorunması və bu sahədə qabaqcıl təcrübənin mübadiləsini təmin və təşviq etmək məqsədi daşıyır". Nazir çıxışı zamanı onu da qeyd edib ki, bu gün Azərbaycan kiber cinayətkarlığına məruz qalır və bu, danılmaz faktdır: "Mövcud problemin aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirilir və məsələnin həlli müəyyən dərəcədə öz müsbət təsirini göstərir".
Konfransda iştirak edən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture isə çıxışında vurğulayıb ki, konfrans gələcək əməkdaşlığın perspektivlərini araşdırmaq üçün hökumət, biznes, qeyri-hökumət təşkilatlarının yüksəksəviyyəli nümayəndə və aparıcı mütəxəssislərini bir araya gətirib.
Qeyd edək ki, konfransda eyni zamanda Avropa Parlamentinin üzvü Kristina Ojuland, Monteneqro Hökumətinin İqtisadi siyasət və Maliyyə üzrə baş nazirinin müavini (həmçinin İnformasiya ictimaiyyəti naziri) Vujica Lazoviç, Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əmirzayi Sangin, Burundi Respublikasının Parlament əlaqələri, telekommunikasiya və İKT naziri Nihazi Leocadie, İraqın rabitə naziri Torhan M.Əl-Müfti və digər nüfuzlu şəxslər çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB