Yevlax rayonu və ətraf kəndlərin enerji təchizatını təmin edən eyniadlı paylayıcı elektrik şəbəkəsinin texniki istismar səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər planı həyata keçirilir. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, paylayıcı elektrik şəbəkəsi üzrə texniki göstəriciləri daha da artırmaq üçün rayon mərkəzi və digər yaşayış məntəqələrindəki qurğu və avadanlıqlarda təmir-bərpa, sazlama işləri aparılır. Müvafiq tədbirlər cari ilin son üç ayı ərzində də uğurla yerinə yetirilib. Belə ki, 10 kV-lik "Cırdaxan", "Quşçluq", 6 kV-lik "Meyvəçilik" və digər hava elektrik verilişi xətlərindəki icra edilən müxtəlif təyinatlı təmir-bərpa işləri eyniadlı ərazi vahidlərində enerji daşıyıcıların dayanıqlığını daha da artırıb, iş qabiliyyətini gücləndirib.
Ümumiyyətlə, sözügedən vaxtda müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 6 kV-lik xətlərin 7,3 km-ə yaxın hissəsində aparılan təmir işləri zamanı xəttin müəyyən hissəsi yenilənən, 8 dayaq dəyişdirilib. Bundan əlavə müəssisənin xidməti ərazisində olan 0,4 kV-lik elektrik verilişi xətlərinin 8,1 km-dən artıq hissəsində həyata keçirilən təmir işləri zamanı SİP kabel xətti çəkilib, üç dayaq dəyişdirilib, xəttin trassası yaşıl kütlədən təmizlənib, dayaqlar düzləndirilib və naqillərin qabariti bərpa olunub. Bütün bunlarla yanaşı həyətlərdə quraşdırılan sayğacların xüsusi qutularda baxış üçün maneəsiz yerə köçürülməsi zamanı ümumilikdə 1,4 km-ə yaxın kabel xətti də çəkilib. Yeri gəlmişkən, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan 14 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilib və bir transformator isə əsaslı təmir edilərək təkrar şəbəkəyə qoşulub.
"Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir", – deyən mənbə onu da bildirib ki, cari ilin oktyabr ayında müəssisə üzrə 12 qayda pozuntusu (bunun 10-u məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) aşkar edilərək 37,7 min kilovatsaatdan artıq (bunun 32,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilən elektrik enerjisinin 2,3 min manata yaxın istehlak dəyəri bərpa edilib. Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində isə istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələrinin yoxlanılması ilə bağlı keçiriləb reydlər zamanı 320-ə yaxın (bunun 279-u məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 2 milyon 249 min kilovatsaata yaxın (bunun 1 milyon 301,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilən elektrik enerjisinin 134,9 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranan debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib.
Cari ilin oktyabr ayında müəssisə üzrə 10,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 545 min kilovatsaat çoxdur. İstehlak edilən elektrik enerjisinin dəyərinin ödənişi isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 min kilovatsaata yaxın artaraq 3,8 milyon kilovatsaatdan çox, ödənişdə mütləq artım isə 13 faizə yaxın olub.
Qeyd edək ki, cari ilin 10 ayında müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 milyon kilovatsaatdan çox artaraq 110,7 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 2,1 milyon kilovatsaatdan çox azalaraq, 39,3 milyon kilovatsaatdan artıq və 5 faizə yaxın olub. Sonda onu da qeyd edək ki, həyata keçirilən tədbirlər planı qarşıdan gələn qış fəslini layiqincə qarşılamağa imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB