“Gələcək illərdə zavodun idarəçiliyi tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcək”

“Gələcək illərdə zavodun idarəçiliyi tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcək”

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı Baş Qərargahında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, AYİB təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə "Azərbaycan Günü" keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın tarixi, iqtisadi uğurları, mədəniyyəti maraqla qarşılanıb, iştirakçılara Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, bu barədə müxtəlif materiallar paylanıb.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov təqdimatında Azərbaycanın iqtisadi uğurları, həyata keçirilən iri layihələr, ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti barədə geniş məlumat verib, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf şirkətin fəaliyyəti, AYİB-lə əməkdaşlığı, həyata keçirdiyi birgə layihələr və bankla əlaqələrin genişləndirilməsinə dair təqdimatla çıxış edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev Azərbaycanda sistemli antikorrupsiya tədbirlərinin aparıldığını bildirib: "İqtisadi inkişafın dayanıqlığı, iqtisadiyyatın şaxələndirilməsi həm də ölkədəki makroiqtisadi stabillikdən, investisiya mühitinin daha da yaxşılaşdırılmasından, şəffaflığın təmin edilməsindən asılıdır. Bu baxımdan Azərbaycanda müfəssəl qanunvericilik bazası yaradılıb, e-xidmətlərin geniş tətbiqinə başlanıb. ASAN xidmətin fəaliyyəti bu sahədə atılan növbəti addımdır. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyaya uyğun olaraq, 2007-2011-ci illəri əhatə edən Tədbirlər Planı həyata keçirilib, hazırda 2012-2015-ci illər üzrə Tədbirlər Planının icrası davam etdirilir. Korrupsiyaya qarşı mübarizənin özəl bölmənin inkişafında əhəmiyyətini nəzərə alaraq, mütəmadi maarifləndirmə işləri aparılır. Bütün bunlar isə Azərbaycanda şəffaflığın daha da artırılmasına, eləcə də özəl bölmənin inkişafına dəstək verir".

"Azərbaycan Günü"ndə çıxış edən xarici investorlar ölkəmizdəki işgüzar mühiti yüksək qiymətləndirib, buradakı fəaliyyətlərindən məmnunluqlarını ifadə ediblər.

"HOLCIM-Azərbaycan" ASC-nin baş direktoru Rossen Papazov deyib ki, təmsil etdiyi şirkət 1999-cu ildən etibarən Azərbaycanda fəaliyyət göstərir: "Burada yaradılan əlverişli biznes mühitinin nəticəsidir ki, bu illər ərzində biz Azərbaycandakı fəaliyyətimizi daha da genişləndirmişik. Fikrimcə, Azərbaycandakı uğurların əsasını buradakı əlverişli investisiya mühiti, özəl bölməyə dövlətin dəstəyi, Azərbaycandakı sürətli iqtisadi inkişaf və böyük iqtisadi potensial təşkil edir. Vacib amillərdən biri də Azərbaycanda bacarıqlı və yüksək ixtisaslı işçi qüvvəsinin olmasıdır. Azərbaycanın inkişafına inandığımızdan daha iri layihələrə başladıq və dəyəri 300 milyon avro olan və quru istehsal texnologiyasına əsaslanan yeni Sement Zavodunu inşa etdik. Maraqlı bir faktı qeyd etmək istərdim ki, bu layihəyə dünyada baş verən qlobal maliyyə və iqtisadi böhran zamanı başladıq və nəticə göstərir ki, yanılmamışıq və bu layihə "HOLCİM Qrup"un tarixində ən uğurlu layihələrindəndir".

"KEPPEL" şirkəti olaraq, Azərbaycanda layihələr həyata keçirdikcə buraya investisiya yatırmaqda yanılmadığına əmin olduğunu deyən "Bakı Gəmiqayırma Zavodu" MMC-in baş meneceri Devid Loh qeyd edib ki, hazırda yerli tərəfdaşları ilə birlikdə Azərbaycanda 470 milyon ABŞ dolları dəyərində Bakı Gəmiqayırma Zavodunun tikintisini başa çatdırıb istismarına başlayıblar: "Bu zavod Azərbaycanın gəmi donanmasının genişlənməsinə, gəmiçilik sənayesinin inkişafına böyük töhfə verəcək. Biz bu ölkənin səmərəli biznes mühitindən, əlverişli investisiya şəraitindən yararlanmaqla Azərbaycandakı fəaliyyətimizi niyyətindəyik".

"CNIM Azərbaycan" MMC-nin İdarə Heyətinin üzvü Stefano Kosta isə Azərbaycan dövləti iqtisadi inkişafı təmin etməklə yanaşı, ekoloji məsələlərə də xüsusi diqqət yetirməsini təqdirə layiq hal kimi qiymətləndirib: "Biz artıq Azərbaycanda ekoloji sahədə iri və ən müasir texnologiyalara əsaslanan Bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi layihəsini uğurla həyata keçirdik. Azərbaycandakı əlverişli mühit bizə bu mühüm layihəni keyfiyyətlə və vaxtında icra etməyə imkan yaradıb. Ölkədəki səriştəli kadr potensialını nəzərə alaraq, biz zavodun idarə edilməsinə daha çox yerli mütəxəssisləri cəlb etdik. Gələcək illərdə zavodun idarəçiliyi tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcək. Bütün bunlar isə Azərbaycandakı əlverişli işgüzar şəraitin, dövlətin bu sahəyə yüksək diqqətinin göstəricisidir".

AYİB prezidenti Suma Çakrabarti Azərbaycanın qazandığı nailiyyətləri, xüsusilə son 10 ildə əldə etdiyi uğurları, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib: "Bu ilin iyul ayında Bakıda olarkən sürətli inkişafın şahidi oldum və qısa müddətdə görülən işlər məni təəccübləndirib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi iqtisadi inkişafın əsas hədəflərindəndir. Bankın Azərbaycana dair ölkə strategiyasını "Azərbaycan-2020: İnkişaf Konsepsiyası"na uyğun hazırlayırıq və bu konsepsiya əməkdaşlığımızın daha da genişləndirilməsi üçün geniş imkanlar yaradır. AYİB növbəti illərdə də Azərbaycanda fəaliyyətini özəl sektorun dəstəklənməsi və qeyri-neft sektorunun inkişafı istiqamətlərinə yönəldəcək. Hesab edirəm ki, AYİB qərargahında "Azərbaycan Gün"ünün keçirilməsi çox əlamətdar hadisədir və Azərbaycanın uğurlarının tanıdılmasına, habelə əlaqələrimizin inkişafına öz töhfəsini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə