Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən təklif edilən 16 elektron xidmət hazırda vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Komitədən SİA-ya verilən məlumata görə, bu xidmətləri özündə cəmləşdirən portal istifadəyə verilib. Artıq bu xidmətlər sayəsində vətəndaşlar birbaşa öz evlərindən, heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün internet vasitəsi ilə on-layn müraciət edə bilirlər. Məlumata əsasən, portalın istifadəyə verilməsi əhaliyə daha çevik, şəffaf, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir. Elektron xidmətlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi interaktiv və informativ xidmətlər daxildir. Bu xidmətlərdən bir çoxu "Elektron hökumət" portalına inteqrasiya edilib. Artıq bu xidmətlər vasitəsilə Bakı və respublikanın müxtəlif bölgələrindən 7500-ə yaxın müraciət daxil olub. Hazırda elektron xidmətlərin sayının artırılması üzərində işlər aparılır. Dövlət əmlakının özəlləşdirilməsi və hərracların keçirilməsi sahəsində yeni elektron xidmətlərin təşkilinə dair təkliflər hazırlanır. Komitə tərəfindən daha 11 elektron xidmətin təşkili və istifadəyə verilməsi nəzərdə tutulur. Əsas hədəf vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, bu sahədə şəffaflıq və çevikliyi daha da artır.
Bundan başqa, ƏMDK-si tərəfindən vətəndaşlara xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə mövcud qeydiyyat binaları təmir edilib və yeni binalar tikilib istifadəyə verilib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ, Xaçmaz, Lənkəran, Şəki və Gəncə rayonlarında yeni xidmət binaları tikilib. Bərdə və Beyləqan rayonlarında yeni binaların tikintisi davam edir və yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcək. Oxşar işlər Bakı şəhərində də görülüb. Reyestr Xidmətinin Bakı şəhəri üzrə 5 rayon filialının sayı artırılaraq 10-na çatdırılıb. Artıq Bakı şəhərinin 11 rayonunun hər birində müasir tələblərə cavab verən ərazi idarələri fəaliyyət göstərir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bir sıra ərazi idarələrində "elektron növbəlilik" sistemi tətbiq edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB