"Azərbaycan Ordusu öz missiyasını bütövlükdə yerinə yetirir" AÇIQLAMA
"Dövlət büdcəsindən hərbiyə ayrılan vəsait Azərbaycanın ərazi bütövlüyünü qorumaq məqsədi daşıyır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.
Onun sözlərinə görə, hər il olduğu kimi bu ildə dövlət büdcəsindən orduya vəsait ayrılıb: "Ordu hər zaman diqqət mərkəzində olmalıdır. Çünki ordusu güclü olan dövlət hər zaman irəlidə olacaq. Azərbaycan ordusu öz missiyasını bütövlükdə yerinə yetirir və bundan sonra da yetirəcək".
Millət vəkili bildirib ki, hazırda ordumuz Cənubi Qafqazda qüdrətli bir orduya çevrilib və hər bir hərbi texnika ilə təchiz edilib: "Ordumuzda əldə olunan uğurların əsas bazasını dövlətin Silahlı Qüvvələr quruculuğuna verdiyi yüksək önəm, göstərdiyi diqqət təşkil edir. Bu işdə büdcədən ayrılan vəsait hesabına hərbi qulluqçuların yaşayış və xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, hərbi hissə və birləşmələrin modern silah və texnikalarla təmin olunması da mühüm rol oynayır".
Bəxtiyar Sadıqov qeyd edib ki, ordu quruculuğu prosesi həm də ictimaiyyətin diqqət mərkəzindədir: "Ayrı-ayrı təşkilatlar, tanınmış ziyalılar, deputatlar tez-tez həm cəbhə bölgəsində, həm də arxa cəbhədə yerləşən hərbi hissə və birləşmələrə səfərlər edir, zabit və əsgərlərlə görüşürlər. Belə səfərlər zamanı ictimaiyyətin nümayəndələri orduda gedən quruculuq proseslərini yaxından izləyir və bu sahədə qazanılan uğurları öz gözləri ilə görür. Azərbaycan regionda, ordu quruculuğuna görə daha güclü və nizam-intizamlı olması ilə seçilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB